ELM VƏ TƏHSİL


Magistraturaya xarici dillər üzrə qəbul üçün test tapşırığı nümunələri müzakirə olunub

Bakı, 30 noyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar növbəti elmi-metodiki seminar keçirilib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, seminarda magistraturaya 2019-2020-ci tədris ili üçün qəbul imtahanına hazırlaşan bakalavrlara kömək məqsədilə 2019-cu ildə “Magistr” jurnalının 2-ci nömrəsində çap olunacaq xarici dillər üzrə bilikləri yoxlayan test tapşırığı nümunələri müzakirə olunub.

Tədbirdə DİM-in magistratura üzrə sektorunun müdiri Məhəbbət Əkbərli magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanında test üsulu ilə yoxlanılması nəzərdə tutulan xarici dil üzrə bilik və bacarıqlar, o cümlədən dinləyib-anlama bacarıqlarına qoyulan tələblər barədə ətraflı məlumat verib.

DİM-in aparıcı məsləhətçiləri Aynur Bayramlı və Ülkər Mirzəyeva xarici dillər üzrə test tapşırıqlarını və dinləyib-anlama üzrə test bloku üçün nəzərdə tutulmuş audiofaylları seminar iştirakçılarına təqdim ediblər.

Tədbir iştirakçılarından S.Mehdiyeva, S.Nəsrəddinova, A.Sadıqova, N.Teymurova, R.Həsənova, M.Abdullayeva, A.Əliyeva, X.Mehdiyeva, O.Quliyev və başqaları təqdim olunan test tapşırığı nümunələri ilə bağlı fikirlərini bildirib, bəzi tapşırıqların yeniləri ilə əvəz olunmasını məqsədəuyğun hesab ediblər. Müzakirə nəticəsində ekspertlər tərəfindən bəyənilmiş test tapşırığı nümunələrindən ibarət xarici dillər üzrə test blokları 2019-cu ildə “Magistr” jurnalının 2-ci nömrəsində dərc olunaraq bakalavrlara təqdim ediləcək.

Dinləyib-anlama blokuna aid nümunə audiofayllar və test tapşırıqları DİM-in internet saytında yerləşdiriləcək. Magistraturaya qəbul imtahanına hazırlaşanlar həmin materiallar əsasında öz dinləyib-anlama bacarıqlarını yoxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.