ELM VƏ TƏHSİL
Magistrlər dissertasiya işlərini “Azərişıq” ASC-nin Tədris Mərkəzində müdafiə ediblər
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-da “Müştərək magistr hazırlığı” layihəsi çərçivəsində “Azərişıq” ASC-nin Tədris Mərkəzində tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyi, “Azərişıq” ASC və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri iştirak ediblər.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd elektroenergetika üzrə ali təhsil müəssisələrinin magistr pilləsində təhsil alan tələbələrin dissertasiya işlərinin hazırlanmasında “Azərişıq” ASC-nin maddi-texniki bazasından, müasir laboratoriyalarından yararlanmasını təmin etmək, eyni zamanda, paylayıcı şəbəkələrin elektrik enerjisinin keyfiyyət göstəricilərinin normallaşdırılması, o cümlədən texniki və texnoloji itkilərin minimallaşdırılması, tələb olunan səmərəli elektrik təchizatı sxeminin formalaşdırılması, xüsusilə elektroenergetika sahəsində gələcək çağırışlara və real inkişafa cavab verəcək elmi potensialın istehsalata inteqrasiyasına nail olmaqdır.
Magistrlərə təqdim olunan dissertasiya mövzuları elektroenergetikanın, xüsusilə ölkənin paylayıcı elektrik şəbəkələrinin aktual problemlərini və sahənin inkişafını əhatə etməklə, “Azərişıq” ASC tərəfindən müəyyənləşdirilir. Magistrlərə universitet tərəfindən elmi rəhbərlə yanaşı, “Azərişıq” ASC-nin təcrübəli mühəndisləri ikinci dissertasiya rəhbəri (istehsalat rəhbəri) kimi təyin olunurlar. Layihə qaydalarına uyğun olaraq istehsalat rəhbərləri magistrləri lazımi materiallar, dərs vəsaitləri, proqram təminatları və s. ilə təchiz etməklə, mənbələr göstərməklə istiqamətləndirirlər. Eyni zamanda, istehsalat rəhbərləri magistrlərin Bakı və regional şəbəkələrin elektrik qurğuları ilə tanışlığını təmin edir, üstəlik ayda 3 dəfədən az olmayaraq onlarla görüş keçirərək suallarını cavablandırırlar. Bu da gənc kadrların formalaşmasında əhəmiyyətli rol oynayır.
Layihənin artıq 2017-2018-ci tədris ilində Təhsil Nazirliyi, “Azərişıq” ASC və ADNSU tərəfindən birgə həyata keçirildiyi qeyd olunub. Layihə çərçivəsində ADNSU-nun elektroenergetika kafedrası üzrə 20 magistrinə (II kurs) “Azərişıq” ASC tərəfindən dissertasiya işlərinin mövzuları təqdim olunub və onlara hərtərəfli dəstək göstərilib.
Tədbirdə ADNSU-nun 10 magistrinin dissertasiya işlərinin müdafiəsi baş tutub. Həmçinin universiteti bitirən həmin gənc kadrların gələcəkdə “Azərişıq” ASC-də işlə təmin olunmalarının nəzərdə tutulduğu xüsusi qeyd edilib.