CƏMİYYƏT


Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 125 illiyi qeyd edilib

Mahaçqala, 28 iyul, AZƏRTAC

Rusiya Federasiyasının Mahaçqala şəhərində Dağıstan Respublikasının və Azərbaycan Respublikasının görkəmli dövlət xadimi Əziz Əliyevin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə reallaşıb.

Mərasimdə yerli icra hakimiyyətlərinin, ictimai və milli mədəniyyət təşkilatlarının, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri, Rusiya Federasiyasının digər bölgələrindən gələn qonaqlar iştirak ediblər.

Yubiley mərasimini giriş sözü ilə açan milli siyasət və dini işlər naziri Enrik Müslümov bildirib ki, İkinci Dünya müharibəsinin ağır dönəmində Dağıstana rəhbərlik etmiş Əziz Əliyev hər iki respublikanın görkəmli oğullarından biridir. Qeyd edib ki, Əziz Əliyev Dağıstanın mədəniyyətinin, iqtisadiyyatının, səhiyyəsinin, elm və təhsilinin inkişafına, onun müstəqil və vahid çoxmillətli respublika kimi dövlət statusunun qorunub saxlanmasına böyük töhfələr verib.

Digər çıxış edənlər görkəmli dövlət xadimi Əziz Əliyevin mənalı ömür yolundan, Azərbaycanda dövlət idarəçiliyinin formalaşmasında, səhiyyə sisteminin və tibb təhsilinin təkmilləşdirilməsində xidmətlərindən danışıb, tədbirin təşkilinə görə Rusiyada yaşayan azərbaycanlılar adından minnətdarlıqlarını bildiriblər.

“İnquşetiya Xalqları Assambleyası”nın fəxri nümayəndəsi Mədinə Barxoyeva İnquşetiya Respublikasının xarici əlaqələr, milli siyasət, mətbuat və informasiya naziri Vaxi Bekovun tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.

Tədbir Azərbaycanın görkəmli oğlunun Mahaçqaladakı abidəsinin ziyarət olunması ilə yekunlaşıb.

Mərasim iştirakçıları abidənin önünə gül dəstələri düzüb, Əziz Əliyevin xatirəsini ehtiramla yad ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.