İDMAN


Mahir Məmmədov: Azərbaycan dünyada idman tədbirlərini yüksək səviyyədə təşkil edən ölkə kimi tanınır

Tbilisi, 17 aprel, AZƏRTAC

Azərbaycan dünyada idman tədbirlərinin yüksək səviyyədə təşkili sahəsində zəngin təcrübəyə malikdir. Bu da beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan həm də dünyada idman ölkəsi kimi tanınır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov söyləyib.

Bu ilin sentyabrında Batumidə 43-cü Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyini vurğulayan M.Məmmədov deyib: “Gürcüstan bu estafeti Azərbaycandan qəbul edib. Ölkəmiz 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasını yüksək səviyyədə təşkil etməklə adını tarixə yazdı. Həmin olimpiadada rekord sayda idmançı iştirak etmişdi. Təşkilatçılıq isə xüsusilə yüksək səviyyədə olub. Bunun nəticəsində FİDE-nin yekdil qərarı ilə 42-ci Ümumdünya Şahmat Olimpiadası tarixdə ən yüksək səviyyədə təşkil olunan şahmat olimpiya oyunları qiymətinə layiq görüldü. Bu da Azərbaycanın idman ölkəsi kimi tanındığını bir daha sübut etdi və ölkəmiz idman sahəsində də adını tarixə yazdı”.

M.Məmmədovun sözlərinə görə, dövlətimizin qayğısı idmançılarımızın daha böyük uğurlar qazanmasına səbəb olub. İdmançılarımız bütün beynəlxalq yarışlarda Azərbaycan bayrağını ucaldırlar.

Gürcüstanın da 43-cü Şahmat Olimpiadasını yüksək səviyyədə təşkil edəcəyinə inandığını vurğulayan M.Məmmədov deyib: “Artıq on ildir ki, SOCAR Gürcüstan Şahmat Federasiyasına sponsorluq edir. Bunun nəticəsində gürcü şahmatçılar da beynəlxalq yarışlarda uğur qazanırlar. Ümid edirəm ki, Gürcüstan dövləti və Şahmat Federasiyası bu yarışı yüksək səviyyədə təşkil edəcəkdir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.