İDMAN


Mahir Məmmədov: FIDE kimi nüfuzlu təşkilata vitse-prezident seçilməyim Azərbaycan şahmatının təntənəsidir

Bakı, 7 avqust, AZƏRTAC

FIDE kimi nüfuzlu təşkilata vitse-prezident seçilməyim Azərbaycan şahmatının təntənəsidir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin uzun illər şahmata və şahmatçılara göstərdiyi yüksək qayğının nəticəsidir.

Bu sözləri Hindistanda baş tutan seçkilərdə növbəti dəfə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yerli rəsmi sayta açıqlamasında bildirib. O qeyd edib ki, ölkəmizdə keçirilən mötəbər idman tədbirləri, o cümlədən şahmat yarışları, həm də təcrübəli idman funksionerlərini formalaşdırıb. Artıq beynəlxalq təşkilatlar Azərbaycan idman funksionerlərini öz komandasında görmək istəyir.

M.Məmmədov FIDE kimi nüfuzlu təşkilata vitse-prezident seçilməsini Azərbaycan şahmatının qələbəsi kimi dəyərləndirib: “Batumidə seçkilərdə qələbə qazanandan sonra Arkadi Dvorkoviç əvvəlcədən elan etdiyi proqram üzrə işləməyə başladı. FIDE rəhbəri çox zəhmətkeş və şahmatı sevən insandır. Yeni layihələrlə əksər çempionatların mükafat fondu artırıldı, bir sıra təqaüdlər təsis edildi, mühüm layihələr həyata keçirildi. Arkadi Dvorkoviç dünya şahmat ailəsini birləşdirdi və şahmatın daha da populyarlaşması istiqamətində böyük işləri reallaşdırdı. Eyni zamanda, dünya çempionu Vişvanatan Anandın Arkadi Dvorkoviçin komandasında yer alması böyük dəstək idi. 2018-ci ildə 107 səslə qalib olan komandamız bu dəfə 157 səslə birincilik əldə etdi. Yekun nəticə FIDE-nin hazırkı rəhbərliyinin doğru yolda olduğunu göstərdi”.

Qeyd edək ki, bu gün Hindistanda FIDE rəhbər vəzifələrinə seçkilər keçirilib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ikinci dəfə FIDE- də vitse-prezident seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.