İDMAN


Mahir Məmmədov: FIDE-nin vitse-prezidenti seçilməyim Azərbaycanın idman aləmində böyük nüfuzunun göstəricisidir

Bakı, 5 oktyabr, AZƏRTAC 

Xəbər verdiyimiz kimi, Batumidə təşkil olunan 43-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 89-cu konqresi keçirildi. Konqresdə FIDE-nin prezidenti vəzifəsinə seçkilərdə Rusiya Baş nazirinin sabiq müavini Arkadi Dvorkoviç qalib gəldi. Arkadi Dvorkoviçin komandasında yer alan Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov FIDE-nin vitse-prezidenti vəzifəsində fəaliyyət göstərəcək.

Mahir Məmmədov FIDE-nin vitse-prezidenti seçilməsi, eləcə də Azərbaycan şahmatçılarının Olimpiadada çıxışları və digər məsələlərlə əlaqədar AZƏRTAC-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Mahir müəllim, əvvəla FIDE-nin vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edir və sizə uğurlar arzulayırıq. Bu, son illər Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində əldə olunan növbəti uğurdur. Bunun FIDE ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına töhfəsini necə qiymətləndirərdiniz?

- FIDE prezidenti uğrunda seçkilər çox gərgin keçdi. Seçkilərdə üç namizəd iştirak edirdi. Hər namizəd beş nəfərdən ibarət komandası ilə mübarizə aparırdı. Namizədlərdən biri məşhur qrossmeyster, böyük nüfuza malik Nayçel Şort, digəri Arkadi Dvorkoviç idi. Rusiya Hökuməti başçısının sabiq müavini olan A.Dvorkoviç şahmata bağlı insandır. Onun valideynləri məşhur şahmat hakimləri olublar. A.Dvorkoviç 2013-cü ilədək Rusiya Şahmat İttifaqının Müşahidə Şurasının rəhbəri kimi çalışıb.

Üçüncü namizəd isə FIDE prezidenti Kirsan İlyümjinovun vəzifəsini tərk etməsindən sonra onun səlahiyyətlərini icra edən Georgios Makropoulos idi. FIDE-nin rəhbər orqanlarında birinci müavin vəzifəsində çalışan G.Makropulos böyük nüfuza və təcrübəyə malik insandır. FIDE aparatının bütün rəhbər vəzifələrində olan şəxslərin hamısı bu və ya digər şəkildə G.Makropoulosa yaxındır. Onların əksəriyyəti birbaşa və ya dolayı şəkildə onun vasitəsilə vəzifələrə təyin olunan adamlardır. Bütün bunları ona görə deyirəm ki, seçki prosesində şərtlər bərabər deyildi və mübarizə aparmaq çox çətin idi. Administrativ resurs tamamilə qarşı tərəfin – G.Makropoulosun tərəfində idi.

Birbaşa seçki kampaniyası mayın sonunda başlamışdı. Mən Arkadi Dvorkoviçin komandasına dəvət aldım. Qeyd etmək istəyirəm ki, bu dəvət Azərbaycanın dünya şahmat aləmində böyük rolunun, beynəlxalq şahmat hərəkatının inkişafına mühüm töhfəsinin, Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin, o cümlədən uğurlu idman siyasəti nəticəsində əldə edilən müvəffəqiyyətlərin birbaşa nəticəsi kimi qiymətləndirilməlidir. Mən Azərbaycanda aidiyyəti qurumlar, strukturlar ilə məsləhətləşdikdən sonra həmin komandada iştiraka dəvəti qəbul etdim. Üç-dörd ay ərzində seçki kampaniyası bütün dünyanı əhatə etdi. Müxtəlif ölkələrdə görüşlər keçirilirdi. Görüşlərdə əsasən Arkadi Dvorkoviç şəxsən iştirak edirdi, üç ay ərzində 30-dək ölkədə səfərdə oldu. Sentyabrın 24-25-dən sonra seçki kampaniyasının Olimpiadanın keçirildiyi Batumi mərhələsi başladı.

Seçkilər oktyabrın 3-də FIDE-nin 89-cu konqresi çərçivəsində keçirildi. Səsvermə günü hər bir namizəd çıxış etdi, əsas hədəfləri barədə konqresdə iştirak edən nümayəndələrə məlumat verdi. Bütün namizədlərin çıxışından sonra Nayçel Şort öz tərəfdarlarını Arkadi Dvorkoviçə səs verməyə çağırdı. O, FIDE-nin əvvəlki rəhbərliyinin dünyada şahmat siyasətini düzgün aparmadığını, federasiyalara qarşı laqeyd münasibət bəslədiyini, şahmatçıların problemləri ilə maraqlanmadığını bildirərək bu siyasətə qarşı olduğunu bəyan etdi. N.Şort əsas məqsədinin ali şahmat qurumuna yeni rəhbərliyin seçilməsi olduğunu bildirdi və öz tərəfdarlarını yeni komandaya - Arkadi Dvorkoviçə səs verməyə çağırdı. Belə də oldu, Arkadi Dvorkoviç 78 səsə qarşı 103 səs toplayaraq qalib gəldi və FIDE-nin yeni prezidenti seçildi. Komandamızın üzvləri - Fransanı təmsil edən Başar Kuatli FIDE prezidentinin birinci müavini, mən və perulu qrossmeyster Xulio Ernesto Qranda Sunyiqa vitse-prezident vəzifələrinə təyin olunduq. Həmçinin Qətər nümayəndəsi, keçmiş dünya çempionu, çin əsilli qadın qrossmeyster Çju Çen xəzinədar, toqolu Enonam Seva Fumey isə baş katib vəzifəsində xidmət edəcək.

- Ümumiyyətlə, FIDE-nin yeni rəhbərliyinin qarşısında hansı hədəflər durur? Şahmatın inkişafı ilə bağlı hansı addımlar atılacaq? Həmçinin hər hansı yeni turnirin təşkili gözlənilirmi?

- FIDE-nin yeni rəhbərliyi qarşısında böyük işlər durur. Hamı Arkadi Dvorkoviçin komandasının gənc və eyni zamanda, təcrübəli şəxslərdən təşkil olunduğunu qeyd edir. Bu barədə artıq işlər gedir.

Bu, Azərbaycan Şahmat Federasiyasının qurumda daha geniş təmsil olunmasına, müxtəlif komissiyalarda, komitələrdə yer almasına mühüm töhfə verəcək. Əvvəllər Azərbaycanda keçirilməmiş bəzi yarışların ölkəmizdə təşkili ehtimalı da artacaq. Söylədiyim kimi, Azərbaycanın dünya şahmat hərəkatının inkişafına mühüm töhfə verən ölkə olması bir daha təsdiq olunacaq.

- Mahir müəllim, 43-cü Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan komandalarının çıxışları barədə nə deyə bilərsiniz? Olimpiadanın əvvəlində kişilərdən ibarət komandamızın uğurlu çıxışına son turlarda nə mane oldu?

- Şahmat Olimpiadasında yığma komandamızın çıxışı barədə danışmaq istəməzdim. Çünki Olimpiadanın başa çatmasına hələ bir tur qalıb. Konkret nəticədən danışmaq çətindir. Əlbəttə, mən bununla razı deyiləm. Əvvəlki turların birində uğursuzluq oldu. Mən kişilərdən ibarət komandanı nəzərdə tuturam. Ola bilər ki, yorğunluq müəyyən qədər özünü büruzə verdi. İdmançıların səhhəti ilə bağlı da problemlər oldu. Ancaq yekun qiyməti indi vermək istəməzdim.

- Müsahibəyə görə təşəkkürümüzü bildirir və sizi bir daha təbrik edirik.

- Çox sağ olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.