İDMAN
Mahir Məmmədov: Şahmat üzrə Azərbaycan millisi yarışlarda uğurla çıxış edir
Bakı, 23 oktyabr, AZƏRTAC
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi həmişə olduğu kimi, yarışlarda iddialı çıxış edir. Milli komandanın kapitanı olmaq həmişə böyük şərəfdir. Komandamıza bu dəfə də Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov kapitanlıq edəcək. Qadınlardan ibarət yığma komandaya gəldikdə isə şahmatçı xanımlarımız qitə birinciliyində Fikrət Sideifzadənin rəhbərliyi ilə çıxış edəcəklər. Qadın şahmatçılarımız həmişə bizi yaxşı mənada təəccübləndiriblər. Onlar Türkiyədə keçirilən Avropa Çempionlar Kubokunda gümüş medal qazandılar. Bu nəticə qadın şahmatçılardan ibarət yığma komandamıza böyük stimul olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, “Odlar Yurdu” şahmat klubunun rəhbəri Mahir Məmmədov Yunanıstanda start götürəcək milli komandalar arasında Avropa çempionatı ilə bağlı açıqlamasında deyib.
Klublarımızın Avropa Çempionlar Kubokundakı çıxışından razılığını ifadə edən M.Məmmədov bildirib: “Həmin turnirdə hər iki komandamız uğurlu çıxış etdi. Bildiyiniz kimi, son illər Azərbaycanı bu yarışda “SOCAR-Azerbaijan” komandası təmsil edirdi. Bu klub iki dəfə Avropa Çempionlar Kubokunun qalibi olub. Bu dəfə “Odlar Yurdu” komandamız həm kişilərin, həm də qadınların yarışında mübarizə apardı. Kişi şahmatçılarımız bürünc, qadın kollektivimiz isə gümüş medal əldə etdi. Hər iki komandamız reytinqə görə iddialı hesab olunmurdu. Onlar reytinqlərindən üstün çıxış etdilər. Bu, bir daha sübut edir ki, şahmatda reytinq hər şey demək deyil. Komandada olan yüksək əhval-ruhiyyə nəticəyə də təsir edir. Şahmatçılarımızın çıxışından razıyam. İnanıram ki, onlar növbəti yarışlarda da yaxşı oyun nümayiş etdirəcəklər”.
Federasiya rəsmisi qeyd edib ki, hazırda Azərbaycanda hər hansı böyük şahmat yarışının təşkili gözlənilmir. Bununla belə FIDE qadınlar arasında Qran-Pri turnirinin bir mərhələsini Bakıda keçirmək təklifini irəli sürüb. Bu məsələ müzakirə edilir. Amma hazırda heç bir razılaşma yoxdur.
M.Məmmədov, eyni zamanda, Azərbaycan şahmatçılarının iddiaçılar turnirinə vəsiqə qazanmaq şanslarını yüksək qiymətləndirərək vurğulayıb: “Noyabrda İspaniyada keçiriləcək Qran-Pri şahmatçılarımız üçün həlledici turnirdir. Şəhriyar Məmmədyarov artıq iştirak limitini başa vurub. Teymur Rəcəbov daha bir yarışda - Palma de-Malyorkadakı turnirdə çıxış edəcək. İddiaçılar sırasına düşmək üçün T.Rəcəbova mükafatçılardan biri olmaq yetərlidir. Lakin digər şahmatçıların da çıxışı çox önəmlidir. Ona görə sonuncu yarışı gözləmək vacibdir. Hər iki şahmatçımızın iddiaçılar turnirinə vəsiqə qazanmaq şansları yüksəkdir”.