İDMAN


Mahir Məmmədov: Şahmatın kütləviliyinin artırılması və yeni nailiyyətlərin qazanılması üçün səylə çalışacağıq

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Şahmat Federasiyası ötən illərdə Elman Rüstəmovun rəhbərliyi ilə uğurla fəaliyyət göstərib. Qarşıdakı dövrdə şahmatın kütləviliyinin artırılması, yeni nailiyyətlərin qazanılması üçün səylə çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bunu noyabrın 26-da Azərbaycan Şahmat Federasiyasının yeni prezidenti seçilən Mahir Məmmədov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

Federasiya prezidenti ölkəmizdə şahmatın inkişafına dövlət tərəfindən ən yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə şahmatçılarımızla görüşdüyünü, şahmatın inkişafına dair Dövlət Proqramının qəbul olunduğunu bildirən M.Məmmədov bunun nəticəsi olaraq, şahmatçılarımızın böyük uğurlar qazandıqlarını bildirib: “Hesabat-seçki konfransında Faiq Həsənov və Seymur Talıbov federasiyanın vitse-prezidentləri seçildilər. Üzərimizə böyük məsuliyyət düşür. Bundan sonra işimizi təşkilatlandırma istiqamətində düzgün qurmalı, müasir tələblərə uyğun fəaliyyət göstərməliyik. Bunun üçün ilk növbədə uşaq və gənc şahmatçıların inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tuturuq. Şahmat məktəblərində qüsurların aradan qaldırılması üçün bir sıra işlər görməliyik. Şahmatçıların fərdi fəaliyyətləri, inkişafları çox vacibdir. Bundan başqa, yığmanın, eləcə də ehtiyat komandaların yarışlarda iştirakı təmin olunmalıdır”.

Qarşıda duran əsas hədəflərdən danışan Azərbaycan Şahmat Federasiyasının yeni prezidenti qeyd edib: “Əsas hədəf şahmat tacının Bakıya gətirilməsidir. Bunun üçün kifayət qədər potensial var. Artıq şahmatçılarımızdan Teymur Rəcəbov iddiaçılar turnirinin 8 iştirakçısından biridir. T.Rəcəbovun turnirə hazırlığı federasiyanın hədəflərindən biridir. Ümidvarıq ki, onun çıxışı uğurlu olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.