REGİONLAR


Mahir tütək ifaçısı və ustası

Sumqayıt, 21 yanvar, AZƏRTAC

Tütəkdə ifa edilən havalarda sanki keçilmiş yolların xatirələri dil açıb danışır və bizə elə gəlir ki, sonu görünməyən bu yollarda ümid işığı bizim əbədi yol yoldaşımızdır.

Bunu AZƏRTAC-ın əməkdaşı ilə söhbətində Sumqayıtda yaşayan, Qubadlı rayonundan keçmiş məcburi köçkün Rəşadət Qədirov deyir. Mahir tütək ifaçısı olmaqla yanaşı, həm də qədim musiqi alətinin düzəldilməsi ilə məşğul olan Rəşadət deyir: “Bu, qətiyyən çətin və darıxdırıcı iş deyil, bunun üçün yararlı qarğı tapdınsa, işin yarıdan çoxunu bitmiş hesab edə bilərsən”.

Rəşadətdən tütək hazırlamağa həvəsin haradan yarandığını soruşuruq. O isə uşaqlıqdan, hələ Qubadlıda olarkən tütəkdə ifa etməyi öyrəndiyini deyir: “Onda ağlıma gəlməzdi ki, bu sehrli aləti hazırlamağı öyrənəcəyəm. Sumqayıtda Usta Kamalın yanına gedib bu sənətin sirlərini öyrəndin”.

O, tütək hazırlamaq üçün qarğıları rayonlardan- Yevlax, Bərdədən gətirdiyini deyir və dərhal da əlavə edir: “Hər qarğı tütək üçün yararlı olmur. Buğumları uzun olan qarğılar seçirəm, belə qarğılardan hazırlanan tütəklər yaxşı köklənir”.

Tütək deyəndə isə ağlına gələn havanın “Çoban bayatısı” olduğunu deyən Rəşadət, hazırladığı digər musiqi alətinin- zurnanın havasını isə “Heyvagülü”, “Mehmani”ni sayır. O, zurna və balaban düzəltmək üçünsə ərik ağacı üçün ancaq Bərdəyə getdiyini deyir.

Ağacdan müxtəlif çalğı alətləri, həmçinin ağac üzərində oyma üsulla şəkillər yaratmasını isə özünün hobbisi sayan usta belə məşğuliyyətdən zövq aldığını dilə gətirir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakıda, İçərişəhərdə təşkil etdiyi satış-sərgidən təzə qayıtdığını deyən Rəşadət bu cür tədbirləri dövlətin sənətə və sənətkarlara qayğısı sayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.