CƏMİYYƏT
Mahmud Mahmudov: Prezidentin könüllülərlə bağlı Sərəncamı gənclərin potensialından daha səmərəli istifadə olunmasına təkan verəcək
Bakı, 13 yanvar, Səadət Hakıyeva, AZƏRTAC
Cəmiyyət üçün faydalı olan müxtəlif layihələrin keçirilməsində könüllülər fəal iştirak edirlər. Gənc könüllülərin bu layihələrdə iştirakı, aksiyalara və seminarlara qatılması onların dünyagörüşünün formalaşmasında çox böyük rol oynayır. Ümidvarıq ki, dövlətimizin başçısının Sərəncamı ilə bu ilin “Könüllülər ili” elan edilməsi gənclərin potensialından daha səmərəli istifadə olunmasına təkan verəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində könüllü Mahmud Mahmudov söyləyib.
Könüllü olmağın onun karyerasında önəmli rol oynadığını diqqətə çatdıran M. Mahmudov deyib: “Könüllülük fəaliyyətinə Bakı Dövlət Neft və Energetika Kollecində təhsil alarkən başlamışam. Təhsillə könüllülük fəaliyyətini bir yerdə aparmaq çətin olsa da, gərginlikdən qorxmadım. Könüllü olmağın həyatımda “yaşıl işıq” yandıracağına inanırdım. “ASAN xidmət” könüllüsü olmuş bir gənc kimi deyə bilərəm ki, bu iş gələcək fəaliyyətimə mayak kimi işıq saldı və bu yolla irəliləməyə başladım. Öz təcrübəmə əsaslanaraq bütün gəncləri könüllü olmağa, cəmiyyət üçün faydalı işlər görməyə çağırıram”.
Könüllülük fəaliyyətinin ona insanlarla ünsiyyət qurmaq təcrübəsi qazandırdığını, kollektivdə işləməyi öyrətdiyini deyən Mahmud Mahmudov bildirib: “İş fəaliyyətində uğurlu olmaq üçün ən vacib şərtlərdən biri də insanlarla düzgün ünsiyyət bacarığına malik olmaqdır. İnsanın aurası, dil və danışıq mədəniyyəti, ətrafındakı insanlarla davranışı onun necə insan olması barədə ilkin təsəvvür yaradır. “ASAN School” könüllülük məktəbi məndə bütün bu keyfiyyətləri formalaşdırdı. Bu müddətdə vətəndaşlarla ünsiyyət qurmaq bacarığına, onları dinləmə mədəniyyətinə yiyələndim, öz işimdə məsuliyyətli olmaq və peşəkarlığı öyrəndim. Təcrübəm məndə müasir texnologiyalardan istifadə etməyi, müxtəlif sənəd formaları ilə işləmə bacarığını formalaşdırdı”.
ASAN Könüllüləri Proqramı çərçivəsində müxtəlif təlimlərdə, seminarlarda, festivallarda iştirak etdiyini deyən M.Mahmudov hazırda isə dövlət qurumunda çalışdığını bildirib.