MƏDƏNİYYƏT
“Mahmud və Məryəm” filminin Qətərdə ilk nümayişi keçirilib
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyinin təşəbbüsü ilə “Şuşa İli” çərçivəsində Qətərin “Katara” Mədəniyyət Şəhərciyinin Drama Teatrında “Mahmud və Məryəm” filminin ilk nümayişi keçirilib. Ümumiyyətlə, “Mahmud və Məryəm” Dohada nümayiş olunan ilk Azərbaycan filmi hesab olunur.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, filmin təqdimat mərasimində “Katara” Mədəniyyət Şəhərciyinin Baş direktoru D-r Khalid İbrahim Əl-Sulayti, Azərbaycan Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə Respublikasının Qətərdəki səfiri Mehmet Mustafa Göksu, Qətərin bəzi ictimai xadimləri, həmçinin Qətərdə akkreditə olunan bir sıra ölkələrin səfirləri (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Moldova, Ukrayna) və diplomatik heyəti, Qətərdə fəaliyyət göstərən yerli media nümayəndələri, eyni zamanda bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.
“Mahmud və Məryəm” filminin nümayişindən əvvəl çıxış edən səfiri Rəşad İsmayılov göstərdikləri köməkliyə və dəstəyə görə “Katara” Mədəniyyət Şəhərciyi Fondunun Baş direktoru D-r Khalid İbrahim Əl-Sulaytiyə, həmçinin dəvəti qəbul edib gəldiklərinə görə qonaqlara təşəkkür etmişdir. Səfir daha sonra film haqqında qısaca məlumat verərək, onun Azərbaycanın Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında, türk rejissoru Mehmet Ada Öztekin tərəfindən 2013-cü ildə çəkildiyini və Azərbaycan-Türkiyə tərəfdaşlığında ilk kino layihəsi olduğunu, filmdə baş rolları Aras Bulut İynemli və rus əsilli Eva Dedovanın yaratdığını bildirib.
Səfir, “Mahmud və Məryəm” filminin ərəb dilində dublyaj olunaraq, ərəb ölkələrində ilk dəfə olaraq Qətərdə nümayiş olunduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, filmin nümayişinin yüksək səviyyədə təşkil olunmasında xidmətləri olan Azərbaycanın Qətər Dövlətindəki səfirliyi və “Katara” Mədəniyyət Şəhərciyi Fonduna dərin təşəkkürlərini çatdırıb. O, filmin çəkilişlərinin Azərbaycanın paytaxtı Bakıda, eləcə də Şəki və Qax şəhərlərində həyata keçirildiyini, filmin 2013-cü ildə Türkiyədə və Azərbaycanda nümayiş olunduğunu bildirib.
Qeyd etmək lazımdır ki, “Katara” Mədəniyyət Şəhərciyində nümayiş olunmuş “Mahmud və Məryəm” filmi və tədbir haqqında Qətərin ingilisdilli “Gulf Times” və “The Peninsula” qəzetlərində geniş məqalələr dərc olunub, həmçinin “Katara” Mədəniyyət Şəhərciyinin rəsmi saytında və sosial şəbəkələrində məlumatlar yerləşdirilib.