İQTİSADİYYAT


Makroiqtisadi sabitliyin qorunması üzrə İşçi Qrupunun iclası keçirilib

Bakı, 23 mart, AZƏRTAC

Martın 23-də ölkə başçısının 2020-ci il 19 mart tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 8-ci bəndinə müvafiq olaraq ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlərin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.

Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentindən AZƏRTAC-a bildiriblər ki, iclasda Mərkəzi Bank, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Statistika Komitəsi, Dövlət Neft Fondu və Azərbaycan Banklar Assosiasiyasının rəhbər nümayəndələri iştirak ediblər.

İclasda koronavirus pandemiyasının və neftin kəskin ucuzlaşmasının makroiqtisadi sabitliyə, xüsusilə xarici sektora, inflyasiyaya, valyuta bazarına və fiskal balansa, habelə maliyyə sabitliyinə, xüsusilə bank sektoruna mənfi təsirləri müzakirə edilib, makroiqtisadi və maliyyə sabitliyini qorumaq üçün tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Yekunda mövcud vəziyyətin daha dərindən qiymətləndirilməsi üzrə İşçi Qrupunda təmsil olunan qurumlar arasında məlumat mübadiləsinin intensivləşdirilməsi və bu əsasda makroiqtisadi və maliyyə sabitliyi, o cümlədən məzənnə və qiymət sabitliyinə dair həyata keçirilməli əlavə tədbirlər barədə təkliflərin qısa müddət ərzində hazırlanaraq müvafiq qaydada təqdim olunması qərara alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.