SİYASƏT


Makron beynəlxalq hüquq normalarını ermənipərəstliyinə qurban verdi

Bakı, 28 dekabr, AZƏRTAC 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni hərbi təcavüz planlarının qarşısını almaq, işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. İşğalçı ölkə noyabrın 10-da təslim olduğunu rəsmən elan etdi. Bütün dünyaya bəlli idi ki, Azərbaycan haqq işi uğrunda öz ərazisində vuruşur, Ermənistan isə “böyük Ermənistan” yaratmaq iddiasından əl çəkməyərək daha geniş ərazilər zəbt etmək xülyasında idi. Ancaq rəşadətli ordumuz təcavüzkarın bütün arzularını ürəyində qoydu.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov deyib.

Kamil Seyidov bildirib ki, Ermənistanın məğlubiyyəti işğalçı ölkədən daha çox ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Fransanı narahat edib. Bunu prezident Makronun müxtəlif vaxtlarda verdiyi bəyanatlar, açıq ermənipərəst mövqe nümayiş etdirməsi, Ermənistanın məğlubiyyətindən sonra Fransa senatının, həmçinin Milli Assambleyasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımaq haqqında qətnamə qəbul etməsi də təsdiqləyir. Halbuki bu günə qədər dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistanın özü qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini, hətta bu regionda keçirilən bütün saxta seçkilərin legitimliyini tanımayıb.

Ermənistanın "Qraparak" nəşrinin yaydığı məlumata görə, Fransa prezidenti Emmanuel Makron müharibə vaxtı Paşinyana SMS-mesajlar göndərdiyini etiraf edib. Əslində, Makron bununla qatı ermənipərəst mövqeyini bir daha təsdiqləyib. Məlum olub ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri kapitulyasiya barədə məlum sənədi imzalandıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə naharda iştirak edib və bəyanatı imzaladığına görə Paşinyanı qınayıb. Görünür, Fransa prezidenti Ermənistan hərbçilərinin hamılıqla ölümünü istəyirmiş. Axı 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi. Düşmən həm hərbi texnika, həm də canlı qüvvə sarıdan böyük itkilər verdi. Makron isə bunları düşünmür, yalnız prezidentlik kürsüsünü qoruyub saxlamaq naminə erməni lobbisinin əlində alətə çevrildiyini ört-basdır edə bilmir.

Nəşrin yazdığına görə, Makron Fransa ermənilərinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə onunla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyanın tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

Bundan başqa, Makronu xüsusilə təəccübləndirib ki, Paşinyan noyabrın 10-da üçtərəfli Bəyanat imzalanarkən onunla əlaqə saxlamayıb. Makronun deməsindən belə aydın olur ki, Paşinyan bu vaxta qədər atdığı bütün addımlarını, mənasız bəyanatlarını, çıxışlarını Fransa prezidenti ilə razılaşdırırmış. Onu təəccübləndirən də bu olub ki, Paşinyan kapitulyasiya haqqında sənədi imzalayarkən onunla əlaqə saxlamayıb və belə bir sənədi qəbul etdirdiklərini bildirməyib. Özünü ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidenti hesab edən Makron görəsən indiyə qədər Ermənistanın soyqırımı törədənə, dinc əhalini ağır artilleriya qurğularından atəşə tutanda, günahsız insanları qətlə yetirəndə, yaşayış məntəqələrini və tarixi-mədəni abidələri yerlə yeksan edəndə niyə ATƏT-in Minsk qrupu həmsədrlərindən birini olduğunu xatırlamayıb?

Makron bu açıqlamaları ilə qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətinin tərəfdarı olduğunu açıq şəkildə etiraf edib. Açıq-aydın görünür ki, Makron Fransanın ATƏT in Minsk qrupunun həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib. Fransa prezidentinin açıqlamaları və fəaliyyəti bir daha göstərir ki, Fransa balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmayıb və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək.

Yəni doğurdanmı, Fransa prezidenti Azərbaycan Prezidentinin bütün beynəlxalq təmaslarda, ayrı-ayrı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərində, beynəlxalq tədbirlərdə iştirakı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin, tarixi və mövcud vəziyyət haqqında həqiqətlərin çatdırmasından bixəbərdir? Axı, o, özünü ATƏT-in Minsk qrupu həmsədr dövlətlərdən birinin prezidenti hesab edir. Əslində, bu, həqiqətən də belədir. Ancaq, nədənsə unudur ki, Minsk qrupu münaqişənin nizamlanması missiyasını üzərinə götürüb, alovlandırmağı yox. Hadisələrin gedişi də göstərir ki, Fransanın bütün fəaliyyəti, işğalçıya dəstək verməyə yönəlib. Bu da münaqişənin daha da alovlandırılması deməkdir.

Son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı müvafiq hüquqi baza yaradılıb. BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və s. aparıcı beynəlxalq qurumların qərar və qətnamələrində Ermənistanın işğalçı dövlət olduğu birmənalı şəkildə öz əksini tapıb. Ancaq Fransa prezidenti bütün bunlardan “bixəbərdir”. Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının dəstəklənməsi də Fransa prezidentinin “yadına düşməyib”.

Hər kəs, eləcə də fransızlar unutmamalıdırlar ki, Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparıb və özünün ərazi bütövlüyünü təmin edib. Dağlıq Qarabağ Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan Fransa kimi vasitəçinin missiyasına ehtiyac yoxdur. Bunu prezident Makronun bütün fəaliyyəti boyu işğalçının tərəfində olması da təsdiqlədi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.