İDMAN
Maks Ferstappen: Bakıda baş vermiş hadisə Rikkardo ilə mənim münasibətlərimi dəyişməyəcək
Bakı, 2 may, AZƏRTAC
“Red Bull” komandasının pilotu Maks Ferstappen deyib ki, Formula 1 Azərbaycan Qran-Prisi zamanı baş vermiş hadisələri Daniel Rikkardo ilə müzakirə edib.
AZƏRTAC xatırladır ki, “Red Bull” komandasının bu yürüşçüləri Bakıda bir-biri ilə toqquşub və hər ikisi yürüş distansiyasından çıxıb.
Maks Ferstappen deyib: “Biz hər şeyi müzakirə etdik. Daniel ilə mənim münasibətlərim normaldır. Hər ikimiz görürük ki, baş vermiş hadisə komandamızın ziyanına olub. Bizim aramızda gərgin mübarizə halları olub, amma hər şey normal olub.
Biz sərt mübarizə aparmışıq, lakin hər şey vicdanla olub. İndi biz Milton-Keynsə getməli və komandadan üzr istəməliyik. Lakin pozitiv əhvalımızı qoruyub saxlamalıyıq, çünki Barselonada uğurla çıxış etmək üçün yaxşı şansımız var. Biz çoxlu yeniliklər hazırlayırıq, onlar pis görünməyəcək”.
Ferstappen belə bir fərziyyəni təkzib edib ki, həmin insidentdən sonra Rikkardo ilə onun münasibətləri korlana bilər və “Mersedes”də Hemilton ilə Rosberqin arasında yaranmış münasibətlərə oxşayar.
Maks Ferstappen deyib: “Xeyr, biz qəzadan sonra çox şeyi müzakirə etmişik. Hər ikimiz çox məyus olduq. Güman etmirəm ki, bu hadisə bizim münasibətlərimizi dəyişsin.
Biz çoxlu xal itirdik. Bu, çox pis haldır. Komanda yoldaşı ilə toqquşmaq olmaz. Belə olmamalıdır. Düzdür, qəzalar baş verir, lakin komanda yoldaşı ilə toqquşmaq olmaz”.