İDMAN
Maks Holloey və Dustin Poirier UFC-nin müvəqqəti çempion kəməri uğrunda döyüşəcəklər
Bakı, 23 fevral, AZƏRTAC
Mütləq Döyüş Çempionatının (UFC) orta yüngül çəkidə qalibi Maks Holloey və Dustin Poirier təşkilatın müvəqqəti çempionu adı uğrunda yarışacaqlar.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, döyüşçülər arasında qarşılaşma aprelin 13-də Atlantada keçiriləcək. UFC prezidenti Deyn Uayt Toni Ferqyusonun Dustin Poirierlə müvəqqəti çempion kəməri uğrunda mübarizə aparmayacağını bildirib.
Qeyd edək ki, döyüşçülər arasında 2012-ci ildə Las Veqasda keçirilən görüşün qalibi Poirier olub. Bu, Holloeyin UFC-də debüt döyüşü olub.
Holloey MMA-da keçirdiyi 20 döyüşdə 3 dəfə məğlub olub. Poirier isə 24 döyüşün 5-də uduzub.
UFC-də yüngül çəkidə çempion titulunu Rusiya döyüşçüsü Həbib Nurmaqomedov qazanıb. Yanvarın 29-da ABŞ-ın Nevada ştatının atletika komissiyası “UFC 229” turniri zamanı irlandiyalı döyüşçü Konor Makqreqor üzərində qələbədən sonra zalda saldığı davaya görə H.Nurmaqomedovu 9 ay müddətinə diskvalifikasiya edib. Diskvalifikasiyanın müddəti iyulun 6-da başa çatır. Komissiyanın qərarı yalnız ştatın ərazisində qüvvədədir.