REGİONLAR
Maksim Oreşkin: Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi bu il 25 faiz artıb
Qusar, 24 dekabr, Elxan Yusifli, AZƏRTAC
Samur çayı üzərində yeni avtomobil körpüsü Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birgə təşəbbüsü nəticəsində tikilərək istifadəyə verildi. Uzun illər aparılan müzakirələr sonda müsbət nəticələndi. Ötən ilin sentyabr ayında Prezident İlham Əliyevin Soçi şəhərinə səfəri zamanı yekun razılaşmalar əldə edildi, bütün məsələlər yoluna qoyuldu. Bundan əvvəl infrastrukturun müasir tələblərə cavab verməməsi səbəbindən burada növbələr olurdu. Nəhayət, burada möhtəşəm yeni körpü istifadəyə verildi. Mən bu körpünün tikintisində əməyi keçənlərə təşəkkürümü bildirirəm. Doğurdan da çox keyfiyyətli iş görülüb. Bu körpünün açılışı hər iki ölkə üçün tarixi əhəmiyyətli hadisədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Samur çayı üzərində avtomobil körpüsünün açılışı zamanı deyib.
Rusiyalı nazir bildirib ki, ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir: “Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi bu il 25 faiz artıb. Bu rəqəm xarici ticarət əlaqələri sırasında ən yüksək göstəricilərdəndir. Digər ölkələrlə buna yaxın göstəricilərimiz yoxdur. Bu da Azərbaycanla qarşılıqlı münasibətlərimizin addım-addım inkişaf etdiyini göstərir. Ölkələrimizin insanları, şirkətləri arasında əlaqələr güclənir. Azərbaycanla Rusiya arasında qarşılıqlı turist axını da artmaqdadır. Buna görə də müvafiq infrastruktur da paralel olaraq inkişaf etdirilməlidir. Bu körpü ölkələr arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Bu isə, öz növbəsində yeni iş yerlərinin açılmasına təkan verəcək. Körpü həm də böyük sosial əhəmiyyətə malikdir. Layihənin icrası növbəti perspektiv planlara yol açır. Yeni infrastruktur layihələrinin həyata keçirilməsi ölkələrimizi daha da yaxınlaşdıracaq”.