CƏMİYYƏT
Mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar
Bakı, 9 iyul, AZƏRTAC
Göygöl rayonunun Yeni Zod kəndində yaşayan Səfiyəddin Vəliyevə məxsus, ümumi dəyəri min manat olan iki baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Samux rayon sakinləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən şəxslər - 33 yaşlı Elman Rüstəmov, 26 yaşlı Nemət Dərgahov, 30 yaşlı Tural Süleymanov və 28 yaşlı Elvin Məmmədov Göygöl və Samux Rayon Polis şöbələrinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində tutulublar.
Saxlanılan şəxslər ilkin dindirilmə zamanı törətdikləri cinayət hadisəsini etiraf edərək, vətəndaşa məxsus heyvanları satmaq məqsədilə oğurladıqlarını bildiriblər.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı müəyyən olub ki, Elvin Məmmədov və Tural Süleymanov cari il mayın 12-də həmyerliləri 24 yaşlı Əli Mehdizadə və 34 yaşlı Tural Qədimov ilə birlikdə Samux rayon sakini olan M.Mehbalıyevaya qarşı soyğunçuluq cinayəti də törədiblər.
Faktlarla bağlı təhqiqat aparılır.