REGİONLAR
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında süni mayalandırma böyük rol oynayır
Ucar, 28 dekabr, AZƏRTAC
Ucarda heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili məsələlərinə həsr olunan zona müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, dekabrın 28-də Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən zona müşavirəsində Ucar, Kürdəmir, Göyçay, Ağdaş və Zərdab rayonlarından kənd təsərrüfatı idarələrinin rəisləri, heyvandarlıqla məşğul olan fermerlər, süni mayalandırma üzrə mütəxəssislər iştirak ediblər.
Tədbiri açan Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vaqif Mehdiyev bölgədə aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda seleksiya-damazlıq işlərinin prioritet məsələ olduğunu vurğulayaraq, bu sahəyə göstərilən dövlət qayğısından danışıb.
Kənd Təsərrüfatı Nazirliyi aparatında heyvandarlığın inkişafı şöbəsinin müdiri Qabil Əbdüləliyev çıxış edərək respublikada heyvandarlığın inkişaf etdirilməsi üçün qarşıda duran vəzifələrdən danışıb, bu sahədə seleksiya-damazlıq işlərinin zəruriliyini qeyd edib. Vurğulayıb ki, bu gün ölkənin daxili imkanlar hesabına ərzaqla, o cümlədən heyvandarlıq məhsulları ilə nəinki tam təmin olunması, habelə ixrac potensialının artırılması ümdə vəzifədir. Prezident İlham Əliyevin tapşırığı ilə hazırda bu istiqamətdə mühüm tədbirlər görülür. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvanlarla əvəz edilməsi bu tədbirlərin tərkib hissəsidir. Bu məqsədlə hələ 2009-cu ildən Avropadan yüksək məhsuldar heyvanlar alınır. Gətirilən heyvanlar fermerlərə güzəştlə satılır.
Bildirilib ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında süni mayalandırma böyük rol oynayır. Hazırda respublikamızda yüksəkixtisaslı 356 süni mayalandırma texniki var. Yaxın vaxtlarda Süni Mayalanma Mərkəzinin də açılışı olacaq. Heyvandarlıqla məşğul olan fermerlərin və fiziki şəxslərin bu məsələyə marağını artırmaq məqsədilə doğulan hər bir buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilir.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının əhəmiyyətindən danışan Qalib Əbdüləliyev ölkədə heyvandarlıq məhsullarına olan tələbatın tamamilə ödənilməsi üçün 600 min baş cins inəyin kifayət etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, hazırda, ümumilikdə, mal-qaranın sayı bu rəqəmdən dörd dəfə çoxdur. Əlbəttə, baş sayının azalması örüş sahələrinin kiçilməsinə, nəticədə isə əlavə torpaqların əkin dövriyyəsinə qatılmasına imkan verir.
Zona müşavirəsində mütəxəssislərin “Heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili və mövcud olan heyvan cinslərinin məhsuldarlığının yüksəldilməsi yolları”, “Yem istehsalında yeni texnologiyaların tətbiqi”, “Respublikanın müxtəlif bölgələri üzrə heyvanlarda təsadüf edilən infeksion və invazion xəstəliklər və onlara qarşı mübarizə tədbirləri” mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.
Tədbirdə fermerləri və yerli mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb, bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qaramalın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin təbliği məqsədilə Göyçay rayonunun Çərəkə kəndində Mehdi Yusifova məxsus ailə təsərrüfatında süni mayalanma aparılıb, heyvandarlığın vəziyyəti sakinlərin iştirakı ilə təhlil edilib. Ailə-kəndli və fermer təsərrüfatı sahiblərinə süni mayalanmanın üstünlükləri barədə məlumatlar verilib.