DÜNYA
Malaqadakı Kral cığırı UNESCO-nun Dünya İrsi Siyahısına daxil ediləcək
Madrid, 11 may, AZƏRTAC
İspaniyanın Malaqa əyalətində Caminito del Rey - Kral cığırının bərpasından sonra populyar olmasını nəzərə alan yerli təşkilatlar onun UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün rəsmi müraciət edəcəklər.
AZƏRTAC xəbər verir ki, XX əsrin əvvəlində salınmış bu cığır bir neçə onilliklər əvvəl dağılmışdı. Yalnız 2015-ci ildə onu bərpa ediblər və sakinlərin istifadəsinə veriblər. Uzunluğu 3 kilometr olan bu yol 100 metr yüksəklikdə yerləşir və şaquli beton konstruksiyalara söykənir. Onun açılışı Malaqa əyalətinə turist axının güclənməsinə səbəb olub. Üç bələdiyyənin – Ardales, Antekera və Aloranın ərazisindən keçən tarixi cığırdan hər il 300 mindən çox adam keçir.
Cığırın mühüm turizm obyekti kimi iki əsas informasiya bölməsi vasitəsilə təqdimatı növbəti həftənin çərşənbə günü olacaq. Birinci bölmədə Caminito del Rey cığırının özü və onunla bağlı olan infrastruktur yer alıb. Bunların sırasına piyada zolağı, ilk variantda iki şəlaləni birləşdirmək üçün tikilən hidroelektrik stansiya və bəndlər, həmçinin XIX əsrin ortalarında açılışı olmuş və nəqliyyat sistemində inqilab sayılan, Malaqa əyalətini ölkənin qalan hissəsi ilə birləşdirən El Chorro (Alora) dəmiryolu stansiyası daxildir. Bu bölmədə Desfiladero de los Gaitanes təbiət qoruğunun zəngin flora və faunası, onun unikal coğrafi mövqeyi haqqında məlumatlar da yer alıb.
İkinci bölmədə cığır və onun tarixi ilə bağlı məlumatlar təqdim olunub. Bunların arasında qayada yerləşən və yeddi məzardan ibarət Cerro de las Aguilillas nekropolu da var. Alimlərə məlum olub ki, nekropol 4 200 il əvvəl yaradılıb və burada 51 insanın nəşi, həmçinin ənənəvi dəfn bəzək əşyaları da mövcuddur. Bundan başqa, cığırın keçdiyi ərazidə Bobastro dağ kilsəsi, IX əsrin məbədi də yerləşir. Nəhayət, insanların 65 min il əvvəl yaratdığı və qədim sənət nümunələrinin olduğu Cueva de Ardales mağarası da bu bölməyə daxil edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid