SİYASƏT


Malayziya Azərbaycan ilə əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir

Kuala Lumpur, 15 sentyabr, AZƏRTAC

Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev Malayziya xarici işlər nazirinin yeni təyin olunmuş müavini Marzuki Yahya ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan səfiri Marzuki Yahyanı yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Səfir oktyabrın 25-26-da Bakıda keçiriləcək VI Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Marzuki Yahyaya ünvanlanmış dəvət məktubunu ona təqdim edib və Forum haqqında ətraflı məlumat verib.

Q.Allahverdiyev Azərbaycan ilə Malayziya arasında dostluq və qardaşlıq münasibətlərinin, ikitərəfli və çoxtərəfli müstəvidə sıx əməkdaşlığın mövcud olduğunu vurğulayıb. 2018-ci ildə Azərbaycan ilə Malayziya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu deyən səfir ölkəmizin rəhbərliyinin Azərbaycan-Malayziya münasibətlərinə böyük əhəmiyyət verdiyini bildirib. Malayziyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən mövqeyinin yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.

Səfir ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, beynəlxalq arenada artan nüfuzu, irimiqyaslı neft-qaz və nəqliyyat layihələrində iştirakı, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsindən bəhs edib.

Marzuki Yahya Malayziyanın yeni hökumətinin dost ölkə Azərbaycanla hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək əzmində olduğunu vurğulayıb. Nazir müavini VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ona ünvanlanmış dəvət məktubuna görə təşəkkürünü bildirib, tədbirə məmnuniyyətlə qatılacağını deyib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən ölkələrimizin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi imkanları müzakirə olunub. Tərəflər siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, parlamentlərarası əlaqələrin hazırki səviyyəsinin böyük məmnunluq doğurduğunu, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd ediblər.

Marzuki Yahya görüşdə qaldırılan məsələlərin müsbət həlli üçün Malayziya Xarici İşlər Nazirliyi tərəfindən lazımi səylər göstəriləcəyini vurğulayıb.

Sonda Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun və Viktor Andriyanovun həmmüəllifləri olduqları “Görkəmli adamların həyatı” silsiləsindən “Heydər Əliyev” və “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitablarının malay dilində nəşrlərinin nüsxələri Marzuki Yahyaya təqdim edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.