DÜNYA
Malayziya hava məkanını “Boeing 737 MAX” təyyarələri üçün bağlayıb
Tokio, 13 mart, AZƏRTAC
Malayziyanın hakimiyyət orqanları ölkənin hava məkanını “Boeing 737 MAX” sərnişin təyyarələrinin bütün modelləri üçün bağlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Malayziya Hava Nəqliyyatı İdarəsinin martın 12-də yayımlanan məlumatında bildirilir.
Sənəddə deyilir: “Bu barədə qərar bu gündən qüvvəyə minir və növbəti məlumatın verilməsinədək davam edəcək”. Bununla yanaşı, idarədən bildiriblər ki, Malayziyanın heç bir aviaşirkəti “Boeing 737 MAX” təyyarələrindən istifadə etmir.
Xatırladaq ki, martın 10-da “Ethiopian Airlines” şirkətinə məxsus olan “Boeing 737 MAX 8” sərnişin təyyarəsi Debre-Zeyt şəhərinin yaxınlığında qəzaya uğrayıb. Bu, son beş ayda həmin modeldən olan təyyarələrin ikinci qəzasıdır. Bundan sonra bir çox ölkələr və aviaşirkətlər həmin təyyarələrin istismarını dayandırıb, bəzi dövlətlər isə hava məkanını həmin təyyarələr üçün bağlayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio