DÜNYA


Malayziya hökuməti investisiya fondunda 23 milyard dollardan çox mənimsəməni geri qaytarmaq niyyətindədir

Tokio, 11 may, AZƏRTAC

Malayziya hökuməti 1MDB investisiya fondunda həm fiziki, həm də hüquqi şəxslər tərəfindən 96,6 milyard rinqitdən (23,5 milyard dollar) çox mənimsəməni geri qaytarmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Straits Times” qəzeti məlumat yayıb. Bildirilir ki, cari ayın əvvəllərində Malayziya Maliyyə Nazirliyi kompensasiyaların qaytarılması barədə 22 məhkəmə iddiası irəli sürüb. Ümumilikdə, həmin siyahıda sabiq Baş nazir Nacib Razak da olmaqla, 40 fiziki və 17 hüquqi şəxs yer alıb. Burada fondun sabiq top-menecerlərinin, həmçinin maliyyəçilərin, Malayziyanın və ABŞ-ın hüquq-mühafizə orqanlarının axtarışında olan yerli iş adamı Cho Launun adları var. Hakimiyyət orqanlarının, həmçinin “Deutsche Bank”, “JP Morgan Chase” banklarının yerli filiallarından və digər maliyyə qurumlarından kompensasiya tələb edəcəyi də qeyd olunur.

Baş nazir administrasiyasının nümayəndələrinin bildirdiyinə görə, Maliyyə Nazirliyi tərəfindən irəli sürülən ittihamlara fondda mənimsəmələrlə əlaqədar cinayət işindən ayrılıqda, mülki iş kimi baxılacaq.

Xatırladaq ki, ötən ilin iyulunda 1MDB-nin strukturuna daxil olan “SRC International” fondunda iqtisadi cinayətlərlə əlaqədar aparılan məhkəmə prosesi nəticəsində sabiq Baş nazir Nacib Razak 12 il müddətinə azadlıqdan məhrum edilib və ona qarşı 210 milyon rinqit (50,7 milyon dollar) məbləğində cərimə irəli sürülüb. Eyni zamanda, 1MDB fondunun özündən birbaşa mənimsəmə ilə əlaqədar məhkəmə prosesi isə avqusta qədər təxirə salınıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.