DÜNYA


Malayziya hökuməti ölkədaxili səfərlərə və sosial tədbirlərə qadağa qoyub

Tokio, 9 may, AZƏRTAC

Malayziya hökuməti koronavirusa yoluxanların sayının artması səbəbindən ölkədaxili səfərlərə və kütləvi sosial-iqtisadi tədbirlərin böyük əksəriyyətinə qadağa tətbiq edib.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 9-da “The Straits Times” qəzeti ölkənin müdafiə naziri İsmail Sabri Yakoba istinadla məlumat yayıb.

Nazirin sözlərini sitat gətirən qəzet yazır: “Qadağalar mayın 10-dan iyunun 6-dək davam edəcək, lakin bu qərara iki həftədən sonra yenidən baxıla bilər. Həmin dövrdə polisin xüsusi icazə olmadan ölkə daxilində - şəhərlər, rayonlar və ştatlar arasında istənilən səfərlər qadağan ediləcək”. Bununla yanaşı, qadağa qüvvədə olduğu günlərdə toyların, həmçinin təhsil və iqtisadi sahələrdə müxtəlif əyləncəli və digər kütləvi tədbirlərin təşkili də qadağan olunacaq.

Bildirilir ki, nazir bu tədbirlərin virusun yeni variantlarının meydana gəlməsi nəticəsində vəziyyətin ağırlaşması ilə izah edib.

Qeyd edək ki, Malayziya hökuməti ölkədə virusa yoluxanların sayında kəskin artım müşahidə edildiyinə görə, yanvarın 22-dən bütün ölkə ərazisində səfərlərə məhdudiyyət tətbiq edib, həmçinin bütün idman, turizm, əyləncə obyektlərini, ərzaq marketləri istisna olmaqla əksər mağazaları bağlayıb. Vəziyyətin qismən yaxşılaşmasından sonra bu məhdudiyyətlər martın 5-də aradan qaldırılıb. Görülən tədbirlər nəticəsində ölkə üzrə virusa yoluxanların gündəlik sayı təqribən 3 minə düşüb. Lakin mayın 8-də Səhiyyə Nazirliyinin baş direktoru Hişam Abdulla proqnozlara görə mayın ortalarında yoluxanların sayının təqribən 5 minə, ayın sonlarına doğru isə 7 minə çatacağını bildirib.

Son məlumatlara görə, Malayziyada virusa yoluxanların ümumi sayı 437 minə çatıb və onlardan 1600 nəfər həyatını itirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.