DÜNYA


Malayziya məhkəməsi sabiq Baş nazirin 12 il müddətində həbsdə qalması barədə hökmü qüvvədə saxlayıb

Tokio, 8 dekabr, AZƏRTAC

Malayziyanın Apellyasiya Məhkəməsi sabiq Baş nazir Nacib Razakın “SRC International” fondundan 9,4 milyon dollar mənimsəməyə görə 12 il müddətinə həbsdə qalması barədə hökmü qüvvədə saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar məhkəmənin canlı yayımlanan iclasında qəbul edilib.

“Nacib Razak fonddan 4 milyard rinqit (9,4 milyon dollar) vəsaiti dövlətin ehtiyacları üçün deyil, şəxsi maraqları naminə çıxarıb. Məhkəmə müdafiə olunan tərəfin iddiasını rədd edərək, əvvəlki hökmü qüvvədə saxlayır”, – deyə hakim Abdul Calil bildirib.

Qeyd edək ki, sözügedən fonddan mənimsəmələrə görə Malayziya Ali Məhkəməsi ötən ilin iyulunda 68 yaşlı Nacib Razak haqqında 12 il azadlıqdan məhrumetmə və 50 milyon dollar cərimə ödənməsi barədə hökm çıxarıb. Bundan dərhal sonra onun vəkilləri 477 min dollar məbləğində cərimə ödəyərək, hökmə yenidən baxılanadək onun girov müqabilində azad edilməsinə nail olublar.

Xatırladaq ki, “SRC International” daha böyük 1MDB dövlət investisiya fondunun tərkibinə daxildir. Bu investisiya fonu ətrafında qalmaqal 2015-ci ildə baş verib. Həmin vaxt bir sıra KİV-lər fondun 4,5 milyard dollar vəsaitinin baş nazir Nacib Razakın sərəncamına keçməsi barədə məlumat yayıb. Aparılan istintaq nəticəsində heç bir mənimsəmə faktı qeydə alınmayıb. Mahathir Məhəmmədin rəhbərlik etdiyi müxalifət 2018-ci il seçkilərində qələbə qazandıqdan sonra məsələ ilə bağlı istintaq bərpa olunub. Bununla paralel 1MDB investisiya fondundan mənimsəmələrlə bağlı ikinci məhkəmə prosesinin tezliklə başlanacağı da bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.