MƏDƏNİYYƏT


Malayziyada Şuşanın 270 illiyinə həsr olunmuş foto-sərgi təşkil edilib

Kuala Lumpur, 21 iyun, AZƏRTAC

Malayziyada Azərbaycanın mədəniyyət incisi sayılan Şuşanın 270 illiyinə həsr olunan foto-sərgi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, Selanqor ştatının Petaling Jaya şəhərində açılan fotosərgi Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü və dəstəyi, Petaling Jaya Şəhər Şurasının ev sahibliyi ilə təşkil olunub. Sərgi Petaling Jaya İctimai Kitabxana Kompleksində yerli sakinlərə və şəhərin xarici qonaqlarına təqdim edilib.

Təntənəli açılış mərasimində Petaling Jaya Şəhər Şurasının sədri Tuan Mohamad Azhan, Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov, mətbuat işçiləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şəhər şurasının sədri M.Azhan qonaqları salamlayaraq, belə bir nəcib təşəbbüsə ev sahibliyi etməkdən məmnun olduqlarını, Azərbaycan və Malayziya xalqları arasında dostluq və qarşılıqlı etimada söykənən mehriban münasibətlərin əhəmiyyətini qeyd edib. M.Azhan dünyanın müxtəlif qitə və ölkələrində yaşayan xalqlar arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsində mədəni-humanitar sahənin müstəsna rol oynadığını vurğulayaraq, fəaliyyətə başlayan sərginin də belə bir məqsədə xidmət etdiyini nəzərə çatdırıb.

Səfir İ.Davudov mehriban qonaqpərvərliyə görə şəhər şurasının sədri M.Azhana təşəkkür edərək, belə birgə tədbirin keçirilməsinin əlamətdar hadisə olduğunu bildirib. Azərbaycan tarixində və mədəniyyətində əvəzsiz yeri olan Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə bu ilin Azərbaycanda “Şuşa İli” kimi qeyd olunduğunu vurğulayıb. Azərbaycanlı diplomat Şuşa daxil olmaqla, tarixi Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın erməni işğalında qaldığını, 2020-ci ildə xalqımızın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgərinin 44 gün davam edən şanlı Vətən müharibəsində torpaqlarımızı azad etdiyini söyləyib.

Azərbaycan tarixində artıq yeni səhifənin açıldığını bildirən İ.Davudov bu gün Şuşa və işğaldan azad edilmiş digər ərazilərdə intensiv bərpa-quruculuq işlərinin getdiyini, işğal nəticəsində vəhşicəsinə dağıdılmış şəhər, rayon və kəndlərimizin yeni və daha gözəl şəkildə həyata qayıtmağa başladığını nəzərə çatdırıb. Diplomat qeyd edib ki, bu gün yaralarını unutmağa çalışan Şuşa təkcə ölkədə deyil, geniş regionda mötəbər elmi, ictimai və mədəni tədbirlərin ev sahibinə çevrilib. Şuşaya həsr edilmiş foto-sərginin Petaling Jaya sakinlərində və şəhərin qonaqlarında Azərbaycanın tərəqqi və sülh uğrunda ardıcıl səylər göstərən yeni dövrü barədə geniş təəssürat yaradacağına inandığını söyləyib.

Tədbirdə çıxış edən “Utusan Malaysia” qəzetinin əməkdaşı Thaqib Şaker cari ilin fevralında Şuşaya səfəri barədə məlumat verib, səfər təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Çıxışlardan sonra başlayan bədii hissədə Petaling Jaya Şəhər Şurasının nəzdində fəaliyyət göstərən incəsənət truppası Malayziyanın milli musiqi və rəqslərindən nümunələr nümayiş etdirib.

Bədii hissədən sonra səfir İ.Davudov, Petaling Jaya Şəhər Şurasının sədri M.Azhan və digər tədbir iştirakçıları sərgiyə baxış keçiriblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.