DÜNYA
Malayziyada keçirilən parlament seçkilərində heç bir koalisiya tam üstünlük qazana bilməyib
Tokio, 20 noyabr, AZƏRTAC
Noyabrın 19-da Malayziya parlamentinin aşağı palatasına keçirilən seçkilərdə iki böyük koalisiyadan heç biri tam üstünlük qazana bilməyib.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, əsas müxalifət qüvvəsinin lideri, Baş nazirin sabiq müavini Ənvər İbrahimin rəhbərlik etdiyi “Pakatan Harapan” (“Ümid Alyansı”) aşağı palatadakı 220 yerdən yalnız 82-sini əldə edə bilib.
Sabiq Baş nazir Muhiddin Yassinin başçılıq etdiyi “Perikatan Nasional” (“Milli Alyans”) 73 yer əldə etməyə nail olub. Baş nazir İsmail Sabri Yakobun korrupsiyaya görə böyük zərbə almış “Barisan Nasional” (“Milli Cəbhə”) koalisiyası isə cəmi 30 yer almağa müvəffəq ola bilib.
Qeyd edək ki, Malayziyada ümumi seçkilər son dörd ildə üç hökumətin dəyişdiyi siyasi qeyri-sabitlik dövründə keçirilib.
Parlamentin aşağı palatasındakı 222 yerdən ikisi üzrə seçkilər namizədin vəfat etməsi və pis hava şəraitinə görə keçirilməyib. Bununla yanaşı, namizədlər üç ştat parlamentindəki 116 yer uğrunda da mübarizə aparıblar.
Malayziya hökumətinə 22 il rəhbərlik etmiş 97 yaşlı Mahathir Məhəmməd parlamentdəki yerini itirib.
Xəbər verdiyimiz kimi, əsasən kənd yerlərində yaşayan etnik malaylar tərəfindən dəstəklənən “Barisan Nasional”dan fərqli olaraq, Ənvər İbrahimin rəhbərlik etdiyi “Pakatan Harapan” etnik tərkibinin müxtəlifliyi ilə fərqlənir və onu əsasən, şəhər yerlərində yaşayan seçicilər dəstəkləyirlər.
Xatırladaq ki, 2018-ci ildə Malayziyada keçirilən son ümumi seçkilərdə “Pakatan Harapan” koalisiyası qalib gələrək, ölkənin müstəqilliyini əldə etdiyi ilk gündən hakimiyyətdə olan “Barisan Nasional” koalisiyasını kənarlaşdırıb. Qalib koalisiyaya uzun müddət Malayziyanın Baş naziri olmuş Mahathir Məhəmməd rəhbərlik etməyə başlayıb. Lakin cəmi iki il sonra İsmail Sabri Yakobun rəhbərlik etdiyi Birləşmiş Milli Malay Təşkilatının üstünlük qazanması “Barisan Nasional” koalisiyasının yenidən hakimiyyətə qayıtmasına şərait yaradıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio