DÜNYA
Malayziyada ümumi seçkilər siyasi qeyri-sabitlik fonunda keçirilir VİDEO
Tokio, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da Malayziyada ümumi seçkilər siyasi qeyri-sabitlik fonunda başlayıb.
AZƏRTAC xəbər verir ki, Baş nazir İsmail Sabri Yakobun başçılıq etdiyi hakim koalisiya digər üç koalisiyaya qarşı mübarizə aparmaq məcburiyyətində qalıb. Onun başçılıq etdiyi hökumət Malayziyada son dörd ildə hakimiyyətə gəlmiş üçüncü kabinetdir.
Namizədlər Malayziya parlamentinin aşağı palatası hesab edilən nümayəndələr palatasındakı 222 və üç ştatın parlamentlərindəki 116 yer uğrunda mübarizə aparırlar.
Xəbər verdiyimiz kimi, rəy sorğularının nəticələri koalisiyalar arasında hansının üstünlük qazanacağını deməyə çətinlik yaradıb. Xatırladaq ki, 2018-ci ildə Malayziyada keçirilən son ümumi seçkilərdə “Pakatan Harapan” koalisiyası qalib gələrək, ölkənin müstəqilliyini əldə etdiyi ilk gündən hakimiyyətdə olan “Barisan Nasional” koalisiyasını hakimiyyətdən kənarlaşdırıb. Qalib koalisiyaya uzun müddət Malayziyanın Baş naziri olmuş Mahathir Məhəmməd rəhbərlik etməyə başlayıb. Lakin cəmi iki il sonra İsmail Sabri Yakobun rəhbərlik etdiyi Birləşmiş Milli Malay Təşkilatının üstünlük qazanması “Barisan Nasional” koalisiyasının yenidən hakimiyyətə qayıtmasına şərait yaradıb.
Seçkiöncəsi kampaniya zamanı “Barisan Nasional”ın əsas şüarları sabitliyin qorunması, pandemiyadan sonra iqtisadiyyatın bərpası və korrupsiyaya qarşı mübarizə olub.
Qeyd edək ki, əsasən kənd yerlərində yaşayan etnik malaylar tərəfindən dəstəklənən “Barisan Nasional”dan fərqli olaraq Baş nazirin sabiq müavini və maliyyə naziri Ənvər İbrahimin rəhbərlik etdiyi “Pakatan Harapan” etnik tərkibinin müxtəlifliyi ilə fərqlənir və onu əsasən, şəhər yerlərində yaşayan seçicilər dəstəkləyirlər. Hakimiyyəti qaytarmağa çalışan Ə.İbrahim həyat şəraitini yaxşılaşdıracağı, bütün millətlər üçün bərabər hüquqlar təmin edəcəyi və korrupsiyaya qarşı mübarizə aparacağı kimi vədlərlə tərəfdarlarını özünə cəlb etməyə çalışır.
Seçkilərdə parlamentdəki yerlər uğrunda mübarizə aparan digər iki koalisiya isə sabiq Baş nazir Muhiddin Yassinin rəhbərlik etdiyi “Perikatan Nasional” və sabiq Baş nazir Mahathir Məhəmmədin başçısı olduğu “Gerakan Tanah Air” koalisiyalarıdır.
Malayziya Seçki Komissiyasının verdiyi məlumata görə, ölkə üzrə seçicilərin ümumi sayı 21,1 milyona bərabərdir. Bu yaxınlarda ölkə qanunvericiliyində aparılan dəyişiklikdən sonra yaş senzinin 21-dən 18-ə endirilməsi nəticəsində seçicilərin ümumi sayı təqribən 6 milyon nəfərdən çox artıb.
Yerli vaxtla səhər saat 8:00-da başlayan səsvermənin axşam saat 18:00 radələrində başa çatacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio