DÜNYA
Malayziyanın Baş naziri COVID-19-a qarşı vaksin qəbul etməyənləri hədələyib
Tokio, 16 oktyabr, AZƏRTAC
Malayziyanın Baş naziri İsmail Sabri Yakob bəyan edib ki, koronavirusa qarşı vaksin olunmayanlar imtiyazlarının bir hissəsini itirəcəklər. Bununla yanaşı, Baş nazir vaksinasiyanın məcburi olmadığını da deyib.
AZƏRTAC “The Star” nəşrinə istinadla xəbər verir ki, bu barədə o, şənbə günü jurnalistlərin qarşısında çıxış edərkən bəyan edib.
Baş nazirin sözlərini sitat gətirən qəzet yazır: “Biz hamını koronavirusa qarşı tezliklə vaksin olunmağa çağırırıq”. Baş nazir bununla yanaşı, hökumətin vaksini məcburi vurdurmağı planlaşdırmadığını da bildirib. Lakin qeyd edib ki, vaksin qəbul etməyənlər imtiyazlarının çoxunu itirəcəklər.
İsmail Sabri Yakob əlavə edib ki, vaksin qəbul etməyənlər kafelərə, restoranlara, digər ictimai iaşə obyektlərinə, ibadət etmək üçün məscidlərə buraxılmayacaqlar. Həmçinin əsas dini bayramlar zamanı onlar başqa şəhərlərə gedərək qohumlarına baş çəkə bilməyəcəklər.
Əlavə olaraq qeyd edək ki, hazırda Malayziyada vaksin qəbul edənlərin sayı əhalinin 90 faizini ötüb. Buna görə də hökumət həmin şəxslərin ştatlar arasında səfərlərinə qadağanı aradan qaldırıb. Həmçinin vaksinin hər iki dozasını qəbul edənlərə xarici ölkələrə səyahət etmək icazəsi verilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio