DÜNYA


Malayziyanın Baş naziri Mahathir Məhəmmədin Yaponiyaya səfəri başlayıb

Tokio, 6 noyabr, AZƏRTAC 

Malayziyanın Baş naziri Mahathir Məhəmmədin Yaponiyanın paytaxtı Tokioya səfəri başlayıb. Səfər çərçivəsində onun Yaponiyanın yüksək mükafatını almaq üçün İmperator Akihito ilə görüşəcəyi və yapon həmkarı Şinzo Abe ilə müzakirələr aparacağı bildirilir.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu, vaxtilə Yaponiya işgüzar mühitini öyrənmək üçün “Look East” siyasətini həyata keçirən 93 yaşlı Mahathir Məhəmmədin yenidən ölkənin Baş naziri seçilməsindən sonra Tokioya üçüncü səfəridir.

Noyabrın 6-da İmperator sarayında keçiriləcək təntənəli təltif mərasimindən sonra Mahathir Məhəmməd yapon həmkarı Şinzo Abe ilə iki ölkə arasında təhsil, insan resurslarının inkişafı və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Malayziyanın maliyyə naziri Lim Quan Enqin bildiridiyinə görə, ikitərəfli əməkdaşlığın inkişafı üçün Yaponiya gələn il 200 milyard yen (təqribən 1,8 milyard dollar) məbləğində Malayziya istiqrazının buraxılmasına zamin durmağı təklif edib.

Nazirin sözlərinə görə, 10 il müddətinə nəzərdə tutulan “samuray” istiqrazları təqribən 0,65 faizlik kuponla Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının zəmanəti ilə 2019-cu ilin martınadək buraxılacaq.

Xatırladaq ki, Mahathir Məhəmməd birinci dəfə hakimiyyətdə olduğu 1981-2003-cü illər ərzində ölkənin inkişaf modeli kimi Yaponiyaya üstünlük verib. Cari ilin mayında onun rəhbərlik etdiyi blokun qələbəsindən sonra Malayziyanın Cənub-Şərqi Asiya siyasətində Çindən uzaqlaşma müşahidə olunur. Belə ki, o, sələfi Nacib Razak tərəfindən Çin ilə təsdiq edilən bir sıra meqalayihələri onların çox baha olmasını əsas gətirərək təxirə salıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.