DÜNYA
Malayziyanın Baş naziri peyvəndin hər iki dozasını alanların ölkədaxili səfərlərinə icazə veriləcəyini bildirib
Tokio, 2 aprel, AZƏRTAC
Malayziyanın Baş naziri Muhiddin Yassin koronavirusa qarşı peyvəndin hər iki dozasını alanların ölkə daxilində səfərlərinə yaxın vaxtlarda icazə veriləcəyini bildirib.
AZƏRTAC “The Straits Times” qəzetinə istinadla xəbər verir ki, Baş nazir bu zaman xarici səfərlərə icazə veriləcəyinin mümkünlüyünü də qeyd edib.
Baş nazirin sözlərini sitat gətirən qəzet yazır: “Biz Milli Təhlükəsizlik Şurasının iclasında peyvəndin hər iki dozasını alanların ştatlar və şəhərlər arasında səfərlərinə icazə vermək barədə qərarı qəbul etdik”.
M.Yassin, həmçinin bildirib ki, hökumət bir sıra ölkədə rəqəmsal peyvənd sertifikatına malik şəxslərin qarşılıqlı səfərlərinə icazə verilməsi barədə danışıqlar aparır.
Xatırladaq ki, Malayziya hökuməti təqribən bir il əvvəl koronavirus pandemiyasına görə ölkə daxilində səfərlər də daxil olmaqla, sosial-iqtisadi məhdudiyyətlər tətbiq edib. Bu zaman xüsusi icazə verilmiş işgüzar səfərlər istisna təşkil edib.
Hazırda Malayziyada “Pfizer – BioNTech” və Sinovac” peyvəndləri vurulur, “AstraZeneca” peyvəndi də istifadə üçün bəyənilib. Onun iyunda ölkəyə gətiriləcəyi gözlənilir. Hökumət ilin sonunadək əhalinin təxminən 80 faizinə peyvənd vurulmasını planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio