QAN YADDAŞI


Malayziyanın Cənub-Cənub İnformasiya Qapısı Agentliyində Xocalı faciəsi barədə məqalə yerləşdirilib

Kuala Lumpur, 14 fevral, AZƏRTAC

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Malayziyanın Kommunikasiya və Multimedia Nazirliyinin nəzdində fəaliyyət göstərən Cənub-Cənub İnformasiya Qapısı Agentliyinin (SSIG) rəsmi internet saytında (www.ssig.gov.my) geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, ingilis dilində dərc olunan yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarlarının Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri soyqırımı, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər əksini tapıb.

Qeyd edilib ki, Xocalı qətliamı Dağlıq Qarabağ münaqişəsi zamanı öz qəddarlığı ilə seçilən ən dəhşətli, qanlı hadisədir. Faciə zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə erməni silahlı qüvvələri şəhəri tərk etməyə çalışan mülki əhaliyə qarşı hücuma keçərək onlarla amansız davranıb. Həmin müdhiş gecədən 26 il keçməsinə baxmayaraq, bu cinayəti törədənlərdən heç biri hələ də beynəlxalq məhkəmə qarşısında cavab verməyib.

Məlumatlarda vurğulanır ki, Azərbaycan rəhbərliyinin məqsədyönlü siyasəti və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyləri nəticəsində Xocalı faciəsi beynəlxalq səviyyədə soyqırımı kimi tanınmaqdadır. Artıq dünyanın bir çox ölkələri, o cümlədən ABŞ-ın 20-dən çox ştatı parlament səviyyəsində Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Bildirilib ki, Azərbaycan ərazilərinin işğal altında qalması ilə heç vaxt barışmayacaq. Əgər düşmən işğal etdiyi ərazilərdən sülh yolu ilə çıxmasa, Azərbaycan Ordusu buna silah gücünə nail olmağa hazırdır.

Məlumatlarda faciənin 26-cı ildönümü ilə bağlı dünyanın müxtəlif yerlərində soydaşlarımız tərəfindən təşkil edilən aksiyalar barədə də söz açılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.