DÜNYA


Malayziyanın haqqında 12 il həbs cəzası çıxarılmış sabiq Baş naziri hökumətə qayıda bilər

Tokio, 10 sentyabr, AZƏRTAC

Malayziyanın haqqında 12 il həbs cəzası çıxarılmış sabiq Baş naziri Nacib Razak yenidən hökumətə qayıda bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 10-da “The Straits Times” qəzeti məlumat yayıb. Bildirilib ki, külli miqdarda korrupsiya və rüşvət almaqda ittiham edilən sabiq Baş nazir yeni hökumətin başçısı İsmail Sabri Yakobun kabinetində iqtisadi məsələlər üzrə müşavir vəzifəsinə təklif alıb.

Bir neçə gün əvvəl keçmiş Baş nazirlə görüşən İsmail Sabri Yakob feysbuk səhifəsində yazıb: “Nacib Razak ölkə iqtisadiyyatının bərpası ilə bağlı enerjisini və ideyalarını bölüşmək niyyətindədir”. Hökumətin yeni başçısı əlavə edib ki, görüşdə onlar daxili və xarici çağırışları, həmçinin COVID-19-la mübarizə məsələlərini müzakirə ediblər. Həmçinin Nacib Razaka nazir səviyyəli müşavir vəzifəsi təklif olunub.

Xatırladaq ki, Nacib Razak 2009-2018-ci illərdə Malayziya hökumətinə başçılıq edib. Lakin 2018-ci ilin mayında keçirilən ümumi seçkilərdə məğlub olduqdan sonra o, ölkə tarixində ən böyük maliyyə qalmaqalına görə istintaqa cəlb edilib. Hüquq-mühafizə orqanları onu təqribən 4,5 milyard dollar vəsaiti mənimsəməkdə təqsirli bilir.

Ötən ilin iyulunda onun barəsində 12 il həbs cəzası və 210 milyon rinqit (təqribən 50,7 milyon dollar) cərimə ödəməsi barədə hökm çıxarılıb. Lakin onun vəkilləri apellyasiya şikayəti verdiklərinə görə N.Razak nəinki azadlıqda qalıb, hətta parlamentin üzvü statusunu da saxlaya bilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.