MƏDƏNİYYƏT


Malayziyanın nüfuzlu elmi-tədqiqat jurnalında aşıq sənətinə həsr olunmuş məqalə dərc edilib

Kuala Lumpur, 29 yanvar, AZƏRTAC

Malayziyanın nüfuzlu elmi-tədqiqat nəşrlərindən olan “SARE” (Southeast Asian Review of English) jurnalının 56-cı cildinin 2-ci nömrəsində Azərbaycan qadın aşıq sənətinin tarixi nümayəndələrindən Aşıq Bəstiyə həsr olunmuş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva, Malayziya İslam İncəsənəti Muzeyinin əməkdaşı, Azərbaycan mənşəli tədqiqatçı Əmin Əmirdabbaqyan və Malaya Universitetinin professoru, elmlər doktoru Krişnavanie Şunmugam tərəfindən ingilis dilində qələmə alınmış məqalə “Sazım yardan ötrü fəryad edir” adlanır.

Məqalədə, əvvəlcə, Azərbaycan folklorunun məhək daşı, Dədə Qorqud yadigarı olan aşıq sənətinin əsas xüsusiyyətləri barədə geniş məlumat verilir. Sonra XIX əsrə məxsus Azərbaycan qadın aşıqlarının görkəmli təmsilçilərindən olan Aşıq Bəstinin həyat və yaradıcılığından bəhs edilir, onun ifaçılıq və poetik istedadı barədə vacib qeydlər təqdim olunur. Həmçinin Aşıq Bəstinin timsalında Azərbaycan qadınının yüksək keyfiyyətləri, onun nəcibliyi, oxşarsız qabiliyyəti, eləcə də cəmiyyətdə özünü ifadəetmə azadlığı və ona göstərilən dərin ehtiram oxucuların diqqətinə çatdırılır. Müəlliflər Aşıq Bəstinin hələ XIX əsrdə Azərbaycandakı qadın emansipasiyasının uğurlu nümunələrindən biri olduğuna və həmin dövrdə bunun müsəlman şərqi üçün inqilabi göstərici sayıldığına işarə edərək, oxuculara xalqımızın tərəqqipərvər xüsusiyyətləri barədə məlumat verirlər.

Məqalənin növbəti səhifələrində Aşıq Bəstinin şeirlərindən ingilis dilinə tərcümə edilmiş çoxsaylı seçmələr təqdim olunur.

Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev milli aşıq sənətimizin Malayziyanın elmi-publisistik nəşrlərində təqdim olunmasını təqdirəlayiq addım kimi qiymətəndirərək, müəlliflərə yeni-yeni nailiyyətlər arzulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın milli mədəniyyətimizin təbliğ olunmasına böyük diqqət və qayğı göstərdiyini qeyd edərək, bu gərgin əməyin nəticəsi kimi 2009-cu ildə aşıq sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayıb. Səfir qeyd edib ki, bu məqalə vasitəsilə malayziyalı sənətsevərlər və tədqiqatçılar Azərbaycanın əzəli torpaqlarından olan Kəlbəcərin tarixi qadın incəsənət ustadlarından Aşıq Bəsti barədə məlumat öyrənir, eyni zamanda, hazırda işğal altında olan torpaqlarımıza məxsus böyük mədəni irsimizlə tanış olmaq üçün əlavə mənbə imkanı qazanırlar.

Qeyd etmək istərdik ki, “SARE” jurnalı Malayziyanın ilk ali təhsil ocağı kimi tarixə düşmüş nüfuzlu Malaya Universitetinin elmi nəşridir. Eyni zamanda, Malaya Universiteti beynəlxalq reytinq təşkilatları tərəfindən dünyanın ilk 100 universiteti arasında göstərilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.