DÜNYA
Malayziyanın sabiq Baş naziri tezliklə məhkəmə qarşısında cavab verəcək
Tokio, 30 iyun, AZƏRTAC
Malayziyanın təhqiqat orqanları Birləşmiş Malay Milli Təşkilatının (BMMT) bütün hesablarını dondurub və onun sabiq sədri, keçmiş Baş nazir Nəcib Razakın korrupsiya əməllərini araşdırmaqda davam edir.
AZƏRTAC “The Star” qəzetinə istinadla xəbər verir ki, BMMT “1Malaysia Development Berhad” dövlət investisiya fondundan oğurlanan vəsait hesabına maliyyələşdirilirmiş. Həmin vəsaiti öz şəxsi hesablarına köçürən N.Razak ondan siyasi fəaliyyət üçün də istifadə edirmiş. Lakin sabiq Baş nazir bunu qəbul etməyərək, “partiya üçün pulların könüllü sponsorlar” tərəfindən verildiyini bildirir.
Xatırladaq ki, BMMT 60 ildən çox müddətdə ölkəni idarə edib və yalnız cari il mayın 9-da keçirilən seçkilərdə Mahathir Məhəmmədin rəhbərlik etdiyi müxalif alyansa uduzub.
Yenidən Baş nazir vəzifəsinə qayıdan M.Məhəmməd öz sələfinə qarşı cinayət işinin başlanması təşəbbüsü ilə çıxış edib. M.Məhəmməd “1Malaysia Development Berhad” dövlət investisiya fondunda baş vermiş mənimsəmə halları ilə əlaqədar N.Razakın tezliklə məhkəmə qarşısında cavab verəcəyini vəd edib. “Düşünürəm ki, tezliklə N.Razakın məhkəməsi keçiriləcək. Lakin buna qədər faktlar toplanmalıdır. Müstəntiqlər əmin olmalıdırlar ki, vəkillər N.Razaka və onun həyat yoldaşına qarşı ittihamları rədd edə bilməyəcəklər”, - deyə M.Məhəmməd vurğulayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio