DÜNYA
Malayziyanın sabiq Baş nazirinin həyat yoldaşına rəsmi ittiham irəli sürülüb
Bakı, 4 oktyabr, AZƏRTAC
Hüquq-mühafizə orqanları Malayziyanın sabiq Baş nazirinin həyat yoldaşı Nəcib Rəzzak Rozma Mansura çirkli pulların yuyulması və 7 milyon rinqit (2,3 milyon dollar) həcmində vergidən yayınma barədə 17 epizod üzrə rəsmi ittiham irəli sürülüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rozma Mansur ittiham elan olunduqdan sonra girov müqabilində azadlığa buraxılıb.
Bu, ölkə tarixində sabiq Baş nazirin həyat yoldaşına qarşı irəli sürülən ilk rəsmi ittihamdır.
Xatırladaq ki, avqust ayının əvvəllərində Malayziyanın sabiq Baş naziri Nəcib Rəzzaka qarşı çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi, həmçinin qanunsuz fəaliyyətdən gəlir əldə etmə ilə bağlı 3 epizod üzrə ittiham irəli sürülmüşdü. Günahı sübuta yetirilərsə, onu ümumilikdə 45 ilədək həbs cəzası və hazırda 42 milyon rinqit (10,2 milyon dollar) həcmində qiymətləndirilən zərərdən beş dəfə çox cərimə gözləyir. Təhqiqatın fikrincə, həmin vəsait “SRC International” dövlət fondundan oğurlanıb və sabiq Baş nazirin hesabına köçürülüb.
Nəcib Rəzzak 2009-cu ildən 2018-ci ilədək Malayziyanın Baş naziri olub.