MƏDƏNİYYƏT


Malayziyanın turizm şirkətləri Azərbaycana böyük maraq göstərir

Kuala Lumpur, 6 dekabr, AZƏRTAC

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüs və dəstəyi, həmçinin bu ölkədə fəaliyyət göstərən “GM Travel House” şirkətinin təşkilatçılığı ilə Malayziyanın 220 turizm şirkətinin təmsilçilərinin daxil olduğu nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, hər biri 44 nəfərdən ibarət olmaqla 5 fərqli qrupa bölünən nümayəndə heyətinin ilk hissəsi cari il noyabrın 10-da Azərbaycana yola düşüb. Nümayəndə heyətinin sonuncu qrupunun səfəri dekabrın 15-dən 18-dək planlaşdırılır.

Şirkət nümayəndələri ölkəmizin turizm potensialı, o cümlədən mədəni-tarixi obyektləri, milli mətbəxi, ekoturizm şəraiti, mehmanxana imkanları, ölkədaxili nəqliyyat infrastrukturu ilə yaxından tanış olur, tərəf müqabili ola biləcək yerli şirkətlərlə görüşlər keçirirlər.

Qeyd edək ki, bu, Malayziyanın turizm şirkətlərindən ibarət ölkəmizə indiyə qədər səfər etmiş ən geniş nümayəndə heyətidir.

Ölkəmizin Malayziyadakı səfiri Qaley Allahverdiyev bildirib ki, Azərbaycan-Malayziya münasibətlərində turizm sahəsi xüsusi yer tutur. Bir çox xüsusiyyətlərinə görə, Azərbaycan malayziyalı turistlər üçün yeni və cəlbedici marşrutdur. Xalqlar arasında dostluq əlaqələrinin gücləndirilməsində turizmin xüsusi önəmini vurğulayan səfir, iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı üçün Azərbaycan və Malayziyanın dövlət və hökumət başçılarının aydın və güclü iradəsinin mövcudluğunu da vacib amil kimi qeyd edib.

“GM Travel House” şirkətinin direktoru, Malayziyada yaşayan özbək icmasının fəallarından biri olan Gulnora Khamidova isə səfərin uğurla davam etdiyini, təmsil etdiyi şirkətin belə bir təşəbbüsə qoşulmasından məmnun olduğunu bildirib. O, həmçinin Azərbaycanın malayziyalı turistlər üçün bənzərsiz istirahət və zəngin məkanlar təklif etdiyini vurğulayıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.