DÜNYA
Malayziyanın vergi islahatları yüksək qiymətləndirilib
Bakı, 10 aprel, AZƏRTAC
Dünya Bankı Malayziyada 2018-ci ildə vergi sahəsində əldə edilmiş əhəmiyyətli irəliləyişləri yüksək qiymətləndirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə yayılmış açıqlamada mal və xidmətlər üçün vergilərin ödənişinin onlayn sistemi xüsusi vurğulanıb. Qeyd olunub ki, aparılan islahatlar sayəsində orta şirkətlərin vergi ödəmələrinin sayı təxminən üçdəbirə qədər azalıb.
Malayziyanın "Productivity Comporation" təşkilatının baş direktorunun müavini bildirib ki, dövlət iqtisadiyyata təsir göstərən dəyişiklikləri sürətləndirmək niyyətindədir. Onun sözlərinə görə, qəbul edilən hər bir hüquqi-normativ aktın öz məqsədi var. Belə ki, məqsəd insanları ölkəmizdə bizneslə məşğul olmağın asanlığına və sadəliyinə inandırmaqdır.
Malayziyada 2019-cu ilin dövlət büdcəsində biznes üçün bir sıra güzəştlər nəzərdə tutulub. Buraya şirkətlər üçün korporativ verginin dərəcəsinin aşağı salınması, onların illik gəlirlərinin vergi tutulmayan hissəsinin artırılması da daxildir. İslahatlarda kiçik və orta biznesin inkişafına xüsusi diqqət yetirilir.