DÜNYA
Malayziyanın yeni Baş naziri əsas vəzifə olaraq ölkə iqtisadiyyatının dirçəlişinə çalışacağını bildirib
Tokio, 25 noyabr, AZƏRTAC
Malayziyanın 10-cu Baş naziri olaraq and içmiş Ənvər İbrahim hökumətin qarşısında duran əsas vəzifənin iqtisadiyyatın bərpasından ibarət olacağını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir noyabrın 25-də keçirilən ilk mətbuat konfransında bəyan edib.
Ölkə iqtisadiyyatının bərpasını əsas vəzifə kimi irəli sürən Ənvər İbrahim yeni kabinetin əvvəlki hökumətlərdən sayca az tərkibdə olacağını və kabinet üzvlərinin əmək haqlarının da aşağı salınacağını bildirib.
“Hazırda mənim əsas vəzifəm yaşayış xərclərini aşağı salmaqdır”, - deyə Baş nazir bildirib.
Yeni yaradılacaq koalisiyalı hökumətdə təyinatlarla bağlı heç kimin adını çəkməyən Ənvər İbrahim bunun tezliklə elan olunacağını bildirib. Bu ərəfədə o, kabinetdə Baş nazirin iki müavininin olacağını qeyd edib. Onlardan birinin “Barisan Nasional” alyansından, digərinin isə kiçik partiyaları birləşdirən “Borneo” qrupundan təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, Ənvər İbrahimin Baş nazir təyin edilməsi seçkilərdən sonra beş gün davam edən hakimiyyət böhranına son qoyub.
Ənvər İbrahimin əsas rəqibi, sabiq Baş nazir Muhiddin Yassin məğlubiyyətini etiraf etməkdən imtina edərək parlamentdə yeni Baş nazirə meydan oxuyacağını bəyan etsə də, bu gün onun təyinatı ilə razılaşdığını və rəhbərlik etdiyi blokun müxalifətə keçəcəyini bildirib.
Yeni Baş nazirin təyinatı ölkə iqtisadiyyatının sabitliyə doğru irəliləməsinə imkan yaradıb. Belə ki, bazarlarda 4 faiz artım müşahidə edilib, milli valyuta olan rinqit də dollara nisbətdə təqribən 1 faiz möhkəmlənib.
Yeni Baş nazirin tərəfdarları onun rəhbərlik etdiyi hökumətin ölkə daxilində dini və milli ayrı-seçkiliyi aradan qaldıracağına inandıqlarını bildirirlər.
Ənvər İbrahim hökumətinin qarşısında duran digər mühüm vəzifə gələn il üçün nəzərdə tutulan dövlət büdcəsinin təsdiqidir. Büdcə layihəsi seçkilərdən əvvəl parlamentə təqdim edilsə də, hələlik qəbul olunmayıb.
Yeni Baş nazir, həmçinin bildirib ki, parlamentin aşağı palatasında üstünlüyünü nümayiş etdirmək üçün dekabrın 19-da etimad səsverməsi keçirəcək.
Göründüyü kimi, Malayziyanın yeni hökuməti qarşısında mühüm vəzifələr dayanır. Lakin hökumətə Ənvər İbrahim kimi təcrübəli siyasətçinin rəhbərlik etməsi, onun bu vəzifələrin öhdəsindən gələcəyini deməyə əsas yaradır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio