DÜNYA


Malayziyanın yeni Kralı yanvarın 24-də seçiləcək

Tokio, 7 yanvar, AZƏRTAC 

Malayziyanın yeni Kralı və onun müavini hökmdarlar şurasının yanvarın 24-də baş tutacaq iclasında seçiləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Bernama agentliyi məlumat yayıb. Məlumata əsasən, hökmdarlar möhürünün qoruyucusu Tan Şri Sed danial Əhməd şuranın yanvarın 7-də keçirilən iclasından sonra bunu bəyan edib. Bu ərəfədə dövlət başçısının vəzifələrinin Kralın müavini Nəzrin Muizuddin Şah tərəfindən icra ediləcəyi bildirilib.

Malayziya Konstitusiyasına əsasən, Kral doqquz ştatın sultanlarının daxil olduğu hökmdarlar şurası tərəfindən seçilir. Bu dəfə onlar V Məhəmmədin istefasından sonra dörd həftə ərzində növbədənkənar seçki keçirməli olacaqlar. Malayziya monarxı 5 il müddətinə seçilir.

Xatırladaq ki, yanvarın 6-da Malayziya Kralı V Məhəmməd taxt-tacdan imtina edib. Yerli KİV-lərin verdiyi məlumata görə, V Məhəmməd doğma Kelantan ştatına qayıtmaq niyyətindədir. Onun istefasının səbəbləri açıqlanmır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.