MƏDƏNİYYƏT
Malazgirt zəfərinin qeyd olunduğu məkanda Azərbaycan mədəniyyətini təbliğ edən çadır fəaliyyət göstərir VİDEO



Bitlis, 23 avqust, AZƏRTAC
Türkiyədə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə müəyyən olunmuş təntənəli yubiley tədbirlərinin Bitlis vilayətinin Ahlat rayonu ərazisində nəzərdə tutulan hissəsinə start verilib. Bu məkanda Azərbaycan mədəniyyətini tanıtmaq üçün nəzərdə tutulan çadır qurulub.
AZƏRTAC xəbər verir ki, zəfər münasibətilə keçirilən rəsmi açılışdan sonra “Mehtəran” birliyinin “Mehtər marşı”nın ifası olub.
Sonra zəfərlə əlaqədar qurulan çadırlara və digər bölmələrə baxış olub.
Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə Ahlat rayonunun Çarho bölgəsində də 150 min kvadratmetr ərazidə milli park və 120 kvadrat metr sahədə “1071 Sultan Alparslan otağı” ilə 50 çadır qurulub.
Avqustun 24-də isə rəşadətli zəfər münasibəti ilə Malazgirt bölgəsində açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, Malazgirt döyüşləri 1071-ci ilin avqustunda baş verib. Bu savaşda Səlcuqlar və Bizans ordusu üz-üzə gəlib və döyüşdə Səlcuqlar rəşadətli qələbə çalıblar. Böyük Səlcuk hökmdarı Alp Arslan ilə Bizans İmperatoru Romen Diyojen arasında gedən müharibənin avqustun 26-da səlcuqlu igidlərin Zəfəri ilə başa çatması Anadolunun qapılarını əbədi olaraq türklərə açıb. Bu zəfər sayəsində Səlcuqlarla Bizans arasında 50 illik müqavilə imzalanıb və beləliklə də Şərqi Anadolu torpaqları türklərə təslim edilib. Bəzi mənbələrdə göstərilir ki, bu qələbə münasibətlə Bağdad xəlifəsi Alp Arslanı təbrik edərək onu “İslamın nuru” adlandırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bitlis