REGİONLAR


Maldarlıqda aprel-may aylarında diqqət edilməli bir çox məqamlar var – fermerlərə tövsiyə

Gəncə, 15 may, AZƏRTAC

Maldarlıqda xüsusən qış mövsümündən yay mövsümünə keçid zamanı, yəni aprel-may aylarında diqqət olunmalı bir çox məqamlar var. Həm xəstəliklərin qarşısının alınması, həm də heyvanlarda məhsuldarlığın aşağı düşməməsi üçün fermerlər diqqətli olmalıdırlar.

Bu barədə AZƏRTAC-a açıqlamasında Dövlət Aqrar Universitetinin professoru Suliddin Abbasov məlumat verib.

“Hava şəraitinin yaxşılaşması ilə əlaqədar heyvanlar yaşıl kütlənin qəbulu üçün otlaq sahələrinə buraxılır. Əvvəla, bilmək lazımdır ki, təbiətlə birgə, heyvanlara zərər verə biləcək gənə, milçək kimi bir çox həşəratlar və xəstəliklər də bu dövrdə aktivləşir. Buna görə də birinci növbədə örüşlərə buraxılacaq mal-qara “Neastol” kimyəvi məhlulu ilə çimizdirilməlidir,” - deyə mütəxəssis fermerlərə tövsiyə edib.

Professor, həmçinin diqqətə çatdırıb ki, fermerlərin bəzi hallarda bilmədən ağac altında, yol kənarında yetişən, el arasında “alası” otlar deyilən alaq otlarını heyvana verməsi ishal kimi mədə-bağırsaq xəstəliklərinin və mədədə mikrobların əmələ gəlməsinə səbəb olur.

Suliddin Abbasov deyib: “Mövsüm dəyişkənliyi zamanı diqqət olunmalı digər məqam isə heyvanın qida rasionunu nəzəratdə saxlamaqdır. Quru yemdən yaşıl yemə keçid zamanı heyvanın stresə düşməməsi, mədə-bağırsaq sistemində, xüsusəndə işgənbədə mikrobların yaranmaması üçün yaşıl yemi az-az porsiyalarla vermək lazımdır”.

Qeyd edək ki, mövsümi keçidlər zamanı heyvanın qorunmaması sağmal inəklərdə südün keyfiyyətini aşağı salır. Ana bətnində olan inəklərdə isə körpələrin böyümə-inkişaf xüsusiyyətlərinə mənfi təsir göstərən amillərdəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.