DÜNYA
Malidə silahlılar fransalı hərbçilərə hücum edib
Bakı, 21 iyun, AZƏRTAC
Malidə minalanması avtomobilin partlaması nəticəsində Fransa hərbi kontingentinin bir neçə hərbçisi yaralanıb.
AZƏRTAC France24 telekanalına istinadla xəbər verir ki, iyunun 21-də səhər saatlarında Qosi şəhərində yerləşən operativ bazanın yaxınlığında kəşfiyyat missiyası həyata keçirən “Barxan” əməliyyatının qüvvələri silahlıların hücumuna məruz qalıb. Minalanmış avtomobilin partlaması zamanı fransalı hərbçilərlə yanaşı, mülki şəxslər də xəsarət alıb. Yaralıların sayı barədə məlumat verilməsə də, onların Qao hospitalına təxliyə olunması üçün helikopterlərin göndərildiyi bildirilir.
Afrikanın Sahel bölgəsində yerləşən Mali vətəndaş müharibəsi və qanunsuz miqrasiya səbəbindən Afrikanın ən problemli dövlətlərindən biridir. 2014-cü ildə Fransa bölgədəki müxalif qüvvələrə qarşı “Barxan” adlı əməliyyata başlayıb. Bu missiya Burkina-Faso, Mavritaniya, Mali, Niger və Çadın daxil olduğu “Sahel Beşliyi” regional strukturu tərəfindən dəstəklənir.
Bir müddət öncə Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Sahel bölgəsindəki hərbi mövcudluq modelini dəyişəcək və “Barxan” əməliyyatı özünün hazırkı formasında sona çatacaq.