SİYASƏT


Malik Həsənov: Soçi bəyanatının müddəalarının uğurlu icrası bölgəyə yeni həyat gətirəcək

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 26-da Rusiyanın vasitəçiliyi ilə Rusiya və Azərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin Soçi görüşünün nəticələri hazırda geniş müzakirə olunmaqdadır. Hər bir görüş müzakirə olunan məsələlər baxımından xüsusi əhəmiyyət kəsb edir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından ötən bir il həm sənəddə əksini tapan müddəaların icrası, həm də Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin geniş miqyas alması ilə diqqətçəkəndir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qısa vaxtda uğurlu bərpa-quruculuq işlərini həyata keçirməsi regionun iqtisadi potensialını üzə çıxarmaq üçün daha geniş miqyaslı layihələrin həyata keçirilməsinə təkan verəcək, Qarabağın dirçəldilməsi prosesi daha da sürətlənəcək. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, biz istər danışıqlarla, istərsə güc yolu ilə Zəngəzur dəhlizini açacağıq. Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli görüşdəki nitqində nəqliyyat dəhlizlərini xatırlaması, imzalanmış sənəddə dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına dair bəndlər Zəngəzur dəhlizindən xəbər verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması yeni əməkdaşlıq formatlarının yaradılmasını sürətləndirəcək. Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifidir. Bu, ölkəmizin regionda və dünyada mövqelərinin daha da möhkəmlənməsindən irəli gəlir. Nikol Paşinyan bölgədə yaranmış yeni reallıqlarla barışmaq məcburiyyətində qalaraq ölkəsinin ictimai rəyini Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyini tanımağın qaçılmaz olduğuna inandırmağa çalışacaq.

Deputat noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Birlikdə gələcəyə” devizi ilə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Prezident İlham Əliyevin nitqində diqqət yönəltdiyi məsələlərdən də bəhs edərək bildirib ki, postmünaqişə dövrünün reallıqları bu günümüzün əsas müzakirə mövzusudur. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərindən və onların nəticələrindən bəhs edərək statistikanı açıqladı ki, Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard dollar ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq. Təbii ki, görülən işlər Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar bölgəyə sülh, əmin-amanlıq, təhlükəsizlik gətirməklə yanaşı, iqtisadi inkişafı daha da sürətləndirəcək. Bu baxımdan, Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.

İstər Soçi görüşünün, istərsə də İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının Azərbaycanın regionda və dünyada güclənən mövqeyinin təqdimatı olduğunu bildirən Malik Həsənov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevə hörmət və ehtiramla yanaşması, Azərbaycan Prezidentinin regionun gələcəyi ilə bağlı bu vaxta kimi səsləndirdiyi fikirlərin Soçi Bəyanatında öz əksini tapması proseslərin rəsmi Bakının iradəsindən kənarda inkişaf etmədiyinin göstəricisidir. “Ermənistan reallıqlarla barışmaq, sülh müqaviləsini imzalamaq məcburiyyətindədir. Əks halda, onu hansı faciələrin gözlədiyi aydındır. Düşünürük ki, Ermənistan 44 günlük Vətən müharibəsinin “Dəmir yumruq” əməliyyatını unutmayıb. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər çıxışında dəmir yumruğun yerində olduğunu bildirir. Ermənistanın üzərinə qoyulan öhdəliklərdən qaça bilməsi mümkünsüz görünür”, - deyə o qeyd edib.

Malik Həsənov bildirib: “Soçi Bəyanatının müddəalarının uğurlu icrası bölgəyə yeni həyat gətirəcək. Artıq keçmişlə deyil, gələcəklə yaşamağın zamanıdır. Azərbaycan daim gələcəyə baxır və işğalçı Ermənistana da bu çağırışı edir. Ümumilikdə Soçi Bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib. Onu da qeyd edək ki, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Soçi görüşünün ardınca Brüssel görüşü olacaq. Avropa İttifaqı Şurasının prezidenti dekabr ayının 15-də Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı”nın Zirvə Görüşü çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. Dünyanın gücləri, nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində maraqlıdırlar. İntensivləşən görüşlər tərəflər arasında təmasları möhkəmləndirəcək, hədəflərin reallığa çevrilməsini stimullaşdıracaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.