İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatası informasiya təhlükəsizliyinə dair təlim keçirib
Bakı, 13 mart, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) maliyyə sektorunda fəaliyyət göstərən qurumlarda informasiya təhlükəsizliyinin qorunması və xarici təhlükələrə qarşı mübarizə yollarına həsr olunmuş "Maliyyə sektorunda təhlükəsizlik və IT təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi" mövzusunda təlim keçirib. Təlimdə 20 bank və 6 sığorta şirkətinin təhlükəsizlik üzrə məsul şəxsləri iştirak edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə MBNP-nin mütəxəssisləri tərəfindən bank hesablarının və digər konfidensial məlumatların xaker hücumlarından qorunması, son zamanlar geniş yayılmış kriptoviruslarla mübarizə qaydaları, IT infrastrukturunun monitorinqi üçün informasiya təhlükəsizliyinin idarə olunması sistemi (SIEM), spam və ondan müdafiə yolları və digər mövzular barədə təqdimat nümayiş etdirilib.
Təlimdə, həmçinin informasiya texnologiyaları təhlükəsizliyi üzrə mövcud təcrübə, problemlərin aradan qaldırılması və yeni həllər ətrafında fikir mübadiləsi aparılıb.