CƏMİYYƏT
Maliyyə Bazarlarına Nəzarət Palatası xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindirib
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli, 760 nömrəli Fərmanı ilə yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyətinin iki illiyi münasibətilə Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli xüsusi internat məktəbində fiziki və əqli qüsurlu uşaqlar üçün əyləncəli tədbir təşkil edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi bu əlamətdar gündə kimsəsiz və valideyn qayğısından məhrum olmuş uşaqları ziyarət edərək, onları sevindirmək və mənəvi dəstək göstərmək idi. Dinamik və rəngarəng səhnəciklər, klounların çıxışı, uşaqlara verilmiş sovqatlar, zehni inkişaf etdirən oyuncaqlar, geyimlər və digər hədiyyələr xüsusi qayğıya ehtiyac duyan 80-dən çox uşağın əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olub.