İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji Yol Xəritələri ilə bağlı növbəti aylıq iclas keçirilib

Bakı, 4 iyun, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) qurumun əsas icraçısı olduğu "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələri" (Yol Xəritələri), eləcə də digər icraçısı olduğu Strateji Yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.

MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol xəritələrinin icrası ilə bağlı mövcud vəziyyət müzakirə edilib, nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən may ayı ərzində görülmüş işlər, həmçinin iyun ayında nəzərdə tutulan tədbirlər barədə geniş məlumat iclas iştirakçılarının diqqətinə çatdırılıb.

İclasda may ayı ərzində maliyyə inklüzivliyinin artırılması, konsolidasiya edilmiş risk əsaslı nəzarət modelinin tətbiqi, sektorda çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, banklarda daha sağlam risk idarəetməsinin təmin edilməsi üzrə görülmüş işlər müzakirə olunub. Bununla yanaşı, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşməsində alternativ maliyyə resurslarından istifadənin genişləndirilməsi ilə bağlı bildirilib ki, hazırda maliyyə alətlərinin tətbiqinin genişləndirilməsi istiqamətində palatanın və Asiya İnkişaf Bankının mütəxəssisləri tərəfindən faktorinq alətinin tətbiqi yolları təhlil edilir.

Yekunda baş icraçı direktor palatanın daxili əməliyyat planına uyğun olaraq may ayı üzrə nəzərdə tutulmuş işlərin tam icrasına nail olunduğunu bildirərək, növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icra olunması ilə bağlı aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıq və tövsiyələr verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.