İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji Yol xəritələrinin icrası vəziyyəti müzakirə olunub
Bakı, 21 fevral, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Strateji Yol xəritələrin icrası ilə bağlı iclas keçirilib.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, palatanın baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda 2016-cı il dekabrın 6-da Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş Strateji Yol xəritələri üzrə nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2017-ci ildə görülmüş və 2018-ci ildə görüləcək işlər geniş müzakirə edilib.
Qeyd olunub ki, 2017-ci ildə bank sektorunun sağlamlaşdırılması ilə bağlı əsaslı işlər görülüb, sektora yeni kapital investisiyaları daxil olub. Belə ki, 2017-ci il ərzində bankların cəmi kapital inyeksiyalarının həcmi 0.9 milyard manat təşkil edib. 2016-2017-ci illərdə bankların səhmdar kapitalına investisiyalar ümumilikdə, 1.2 milyard manat olub. Bununla yanaşı, Prezidentin 2015-ci il 15 iyul tarixli Fərmanına əsasən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sağlamlaşdırılması prosesi yekun mərhələyə çatdırılıb. Bu çərçivədə bankın problemli aktivləri "Aqrarkredit" QSC-yə ötürülüb, xarici borc öhdəliklərinin restrukturizasiyası prosesləri tamamlanıb. Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bank restrukturizasiyasının hüquqi çərçivəsinin formalaşdırılması işləri aparılıb. Bu istiqamətdə beynəlxalq təcrübə də nəzərə alınmaqla "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa rezolyusiya ilə bağlı yeni fəsil əlavə edilib.
Sığorta sektoru üzrə icbari avtomobil sığortası ilə bağlı İcbari Sığorta Bürosu tərəfindən tam avtomatlaşdırma təmin edilib. Bu sığorta növü üzrə müqavilənin bağlanması mərhələsindən ödənişlərin həyata keçirilməsi, habelə nəzarətin aparılması mərhələsinədək bütün xidmətlər elektronlaşdırılıb. Bundan əlavə, sektorda yeni mikro, müştərək və kənd təsərrüfatı sığortasının tətbiqi ilə bağlı işlər görülüb.
2017-ci il ərzində maliyyə vasitəçiliyinin genişləndirilməsi məqsədilə maliyyə bazarları üzrə infrastrukturun gücləndirilməsi çərçivəsində ilk özəl kredit bürosu yaradılıb, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin formalaşdırılması üzrə hüquqi, institusional və əməliyyat çərçivələr formalaşdırılıb.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2017-ci il 15 sentyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu təsis edilib, 2017-ci il 25 dekabr tarixli Fərmanla isə İpoteka Fonduna birləşdirilərək "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
İclasda palatanın strateji yol xəritələrinin icrası ilə bağlı 2018-ci il üçün Əməliyyat Planı da müzakirə olunub. Bu çərçivədə palatanın baş icraçı direktoru tərəfindən işçi qruplarının rəhbərlərinə sığorta sektorunda yeni alətlərin tətbiqinin təşviq edilməsi və bütövlükdə sığorta sektorunun penetrasiyasının genişləndirilməsi, maliyyə bazarları üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi və Bazel II-yə keçidlə bağlı planın hazırlanması, yeni listinq prosedurlarının müəyyənləşdirilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin fəaliyyətinin təmin edilməsi istiqamətində tapşırıqlar verilib.