İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatasının 36 strateji hədəfinin icra göstəricisi 84 faizdir
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 36 strateji hədəfinin icra göstəricisi 84 faiz təşkil edir.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov KPMG şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı Murat Karakasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Görüş zamanı cari ildə əldə edilmiş nailiyyətlər və gələcək dövr üçün nəzərdə tutulan məsələlər barədə müzakirələr aparılıb.
Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov MBNP-nin ümumi fəaliyyəti haqqında nümayəndə heyətinə məlumat verib. O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanına əsasən təsdiq olunmuş maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin icrası istiqamətində palatanın gördüyü işlərdən danışıb. İ.Alışov vurğulayıb ki, palatanın otuz altı strateji hədəfinin icra göstəricisi 84 faiz təşkil edir.
Eyni zamanda, İ.Alışov bank sektorunun sağlamlaşdırılması istiqamətində görülən tədbirləri diqqətə çatdırıb və bu baxımdan 2017-ci il 7 aprel tarixli "Banklar haqqında" Qanunun 57-ci maddəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
KPMG şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı Murat Karakas təmsil etdiyi qurumla palata arasındakı mövcud əlaqələri yüksək qiymətləndirdiyini və əməkdaşlığın gələcəkdə davam etdirilməsi və daha da genişləndirilməsi istiqamətində hər iki tərəfin səylə çalışacağına ümid etdiyini qeyd edib.