İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisləri ABŞ Xəzinədarlıq Departamentinin Bakıdakı təlimində iştirak edib
Bakı, 11 sentyabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasının 9 mütəxəssisi ABŞ Xəzinədarlıq Departamenti tərəfindən Əfqanıstanın Maliyyə Nəzarət İdarəsi, Maliyyə Mübahisələri üzrə Həll Komissiyası və Əmanətlərin Sığortalanması Korporasiyasının nümayəndələri üçün "Bank rezolyusiyası" mövzusunda Bakıda təşkil olunan təlimdə iştirak edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 4 gün davam edən təlim proqramında bank rezolyusiyası metodları, onların seçilməsi və tətbiqi məsələləri, o cümlədən problemli banklara nəzarət, aktiv və öhdəliklərin qiymətləndirilməsi, ABŞ-da bank rezolyusiyası təcrübəsi geniş müzakirə olunub.
ABŞ Xəzinədarlıq Departamentinin texniki dəstək ofisinin ekspertləri tərəfindən maliyyə sabitliyinin qorunması məqsədilə problemli bankların müəyyənləşdirilməsi, bank rezolyusiyası metodları və alətlərinin seçilərək tətbiqi ilə bağlı təqdimatlar nümayiş etdirilib. Bununla yanaşı, təlim iştirakçılarına rezolyusiya alətlərinin tətbiqini əhatə edən praktiki məşğələlər keçirilib. Məşğələlər zamanı iştirakçılar bir neçə komandaya bölünərək qrup şəklində bankın rezolyusiya strategiyasının formalaşdırılmasının praktiki təsvirini edərək, sözügedən sahə üzrə beynəlxalq təcrübə ilə tanış olub.