İQTİSADİYYAT


Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb

Bakı, 19 aprel, AZƏRTAC

Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı birgə açıqlama yayıb.

Palatadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 28 fevral "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edərək, hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından təqdim edilmiş siyahıya uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsaitlərin kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla), ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, bank olmayan kredit təşkilatlarının, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarının isə poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülməsinə aprelin 19-dan başlanılıb.

Kompensasiya alacaq şəxslərin sayı 602 min 347 nəfər təşkil edir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə Maliyyə Nazirliyi tərəfindən kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla həyata keçiriləcək.

Aprelin 22-dən kredit təşkilatları və poçt rabitəsi milli operatoru vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlayacaq.

Bütün ödənişlərin qeyd olunan Fərmana uyğun olaraq cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.